Qarabağ Azərbaycandır!

Dağlıq Qarabağ münaqişəsinin dərin köklərinə və hadisələrin xronikasına nəzər saldıqda, onun ideoloji əsaslarının XIX əsrdə qədimdə «Aralıq dənizindən Xəzərədək olan ərazidə Böyük Ermənistan» dövlətinin var olması barədə heç bir tarixi fakta əsaslanmayan və tarixin saxtalaşdırılmasına xidmət edən ideyanı irəli sürmüş erməni tarixçiləri tərəfindən qoyulduğu məlum olur.

Hələ,1905 və 1918-ci illərdə erməni silahlı qüvvələri, Qarabağ ərazisində müharibə ocağını alovlandıraraq, tarixi Azərbaycan ərazilərini ələ keçirmişlər. 1918-ci il martın 31-də erməni hərbi birlikləri Bakı, Şamaxı və Qubada on minlərlə azərbaycanlını qətlə yetirmişlər.

1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılması müvəqqəti olaraq ermənilərin Qarabağa olan iddiasını dayandrsa da, Sovet zamanındakı hadisələr ona gətirib çıxardı ki, tarixi Azərbaycan torpaqları Ermənistana verildi və Azərbaycan torpaqları üzərində ermənilərin ilk müstəqil dövləti quruldu. Azərbaycan ərazisində süni şəkildə Dağlıq Qarabağ vilayəti yaradıldı. Stalin tərəfindən azərbaycanlıların Ermənistandan deportasiyası 1953-cü ilədək davam edir. Qatı millətçi və daşnak olan Anastas Mikoyanın SSRİ rəhbərliyindəki siyasəti, QRMV-in Ermənistana tabe olunmasına, vilayətin etnik tərkibinin dəyişməsinə, Azərbaycanın inzibati sərhədlərinin Ermənistanın lehinə dəyişməsinə yönəlmişdi.

1988-ci il Azərbaycana yönələn erməni təcavüzünün yeni mərhələsinin başlanğıcı oldu. SSRİ-də M.S.Qorbaçovun hakimiyyətə gəlməsi, XX əsrin 80-ci illərinin ortalarında SSRİ-də başlayan və «yenidənqurma» adlanan siyasi və iqtisadi islahatların başlanması ölkəni fəlakətli nəticələrlə üzləşdirdi, bunların ən təhlükəlisi isə SSRİ-dəki millətlərarası münaqişələr idi.

Sovet İttifaqı rəhbəri M.S.Qorbaçovun və onun ətrafındakıların ermənipərəst siyasəti o yerə gətirib çıxardı ki, Qarabağdakı müharibə atəşinin qığılcımları SSRİ-nin digər respublikalarına sıçradı və bu, bir zamanlar qüdrətli quruluşun dağılmasının başlanğıcı oldu.

Ermənistan əlverişli siyasi vəziyyətdən istifadə edərək öz strateji müttəfiqi olan Rusiyanın hərbi-siyasi yardımına arxalanaraq qısa zaman ərzində Ermənistanda etnik təmizləmə aparıb, oradan bütün azərbaycanlı əhalini qovub çıxardı. Azərbaycanlı əhalinin öz dədə-baba yurdlarından qovulması, kütləvi qətllər, işkəncələr və dağıntılarla müşayiət olunurdu. Etnik təmizləmə 1989-cu ildə 220.000 azərbaycanlının qovulması ilə başa çatdı. Bu vəhşi aksiyaların nəticəsində min nəfərdən artıq insan həlak oldu və onların çoxunu qocalar, qadınlar və uşaqlar təşkil edirdi. Vətəndaşların əmlakları talan olunmuş və məhv edilmişdi.

Ermənistanda bir azərbaycanlı qalmadıqdan sonra sıra Qarabağa gəldi. Orada 70-ci illərin əvvəllərindən, demək olar ki, leqal olaraq qarşılarına tarixi Azərbaycan torpaqlarının Ermənistanın xeyrinə qoparılmasını məqsəd qoyan millətçi «Krunk», «Qarabağ» təşkilatları fəaliyyət göstərirdi.

Moskva və Yerəvan tərəfindən Xankəndində təşkil olunan siyasi və iqtisadi islahatlar tələb edən mitinq və tətillər qısa zamanda «DQMV xalqına» Azərbaycandan müstəqillik tələb edən və «çox əzabkeş tarixi vətən olan Ermənistanla» birləşməyə yönələn şüarlarla çıxış edən, yüksək səviyyədə təşkil olunmuş siyasi hərəkata döndü. Vilayətin Azərbaycanın tərkibindən çıxmasına dair DQMV deputatlarının qərarı onunla nəticələndi ki, Moskvanın və dünya ictimaiyyətinin gözü önündə azərbaycanlı əhali DQMV-dən qovulmağa başladı.

1989-cu il dekabrın 1-də Ermənistan Ali Soveti DQMV-in Ermənistana birləşdirilməsi barədə qeyri-qanuni qərar qəbul etdi.

Münaqişə nəticəsində Ermənistan və Dağlıq Qarabağla dəmiryolu və avtomobil əlaqəsi kəsildi. Dağlıq Qarabağda azərbaycanlıların məskunlaşdığı yaşayış məntəqələri təcrid olunmuş vəziyyətə gəldi və onlarla əlaqə yalnız vertolyotlar vasitəsilə həyata keçirilirdi. 1989-cu ildən qatarlara mütəmadi olaraq atəş açıldığına görə Naxçıvanla dəmir yolu əlaqəsi kəsildi.

Moskva tərəfindən təyin olunmuş Azərbaycan rəhbərliyi milli maraqları görməzliyə vurur, mərkəzin bütün göstərişlərini kor-koranə yerinə yetirir və respublika əhalisi tərəfindən etibar görmürdü. Azərbaycan rəhbərliyinin cinayətkarcasına fəaliyyətsizliyi ona gətirib çıxardı ki, DQMV-dən on minlərlə azərbaycanlı deportasiya olundu və onlar öz vətənlərində məcburi köçkün vəziyyətinə düşdü.

Bütün Ermənistan-Azərbaycan sərhədi boyunca ağır vəziyyət yaranmışdı. Erməni silahlı birləşmələri durmadan dinc azərbaycan kəndlərini gülləbərana tutur, onlarla azərbaycanlıların yaşadığı yaşayış məntəqəsini yandırırdılar.

Hadisələrin belə gedişatı, Azərbaycanda geniş kütləvi etiraz hərəkatlarına gətirib çıxardı. Bakıda çoxmilyonlu mitinqlər başlayır, ermənilərin separatçı hərəkətlərinə son qoyulmasına və bütün vasitələrdən istifadə edərək ölkənin ərazi bütövlüyünün, konstitusiya qaydalarının bərpa edilməsi tələb olunurdu. Respublikanın o zamankı rəhbərliyi, xalq hərəkatından ehtiyat edərək Azərbaycandakı xalq-azadlıq hərəkatını boğmaq üçün Moskva ilə birgə əməliyyat hazırladı. 1990-cı il yanvarın 20-də sovet hərbi zirehli texnikası xəbərdarlıq etmədən və fövqəladə vəziyyət elan olunmadan, Bakı şəhərinə daxil oldu. Nəticədə, aralarında qocalar, uşaqlar, təcili yardım həkimləri olan 150 dinc vətəndaş qətlə yetirilmiş, 700-dən çox dinc əhali yaralanmışdır.

Azərbaycan xalqının xalq-azadlıq hərəkatına şiddətli zərbə endirilmişdi. Respublika rəhbərliyi xalqın qəzəbindən və intiqamından qorxaraq Moskvaya qaçmışdı. Azərbaycan xalqı Qarabağ probleminin bütün hərəkətləri ilə kimin tərəfində olduğunu əyani şəkildə nümayiş etdirən Moskva tərəfindən ədalətli şəkildə nizamlanmasına və həllinə inamını itirmişdi.

1992-ci il fevralın 25-26-da erməni silahlı birləşmələri Xankəndində yerləşən 366-cı Rusiya alayı ilə birlikdə Xocalı şəhərinə hücum təşkil etdilər. Nəticədə dinc azərbaycanlı əhalisinə qarşı vəhşicəsinə soyqırım aktı həyata keçirildi, 613 nəfər dinc sakin qətlə yetirildi, 487-si yaralandı, 1275 nəfər isə əsir alınmışdır. Yüzlərlə insan itkin düşür. Erməni əsirliyindən qayıdanlar dünya ictimaiyyətinə erməni qəsbkarlarının vəhşiliklərindən danışır, əsirlərin saxlanma şəraitini faşist düşərgələrindəki şəraitə bənzədirdilər.

1992-ci il martın 2-də Azərbaycan Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olunur.

1992-ci il martın 11-də Avropa Şurasının Nazirlər Komitəsi Dağlıq Qarabağdakı dinc azərbaycanlı əhalisinə qarşı törədilən zorakılığı ittiham edən bəyanatla çıxış edir.

1992-ci il bütünlüklə aramsız hərbi toqquşmalar şəraitində keçir. Azərbaycan çox çətinliklə erməni təcavüzünü dəf edirdi. Ermənistan çox açıq şəkildə Rusiyadan hərbi dəstək alır, Azərbaycana qarşı hərbi əməliyyatlarda Rusiyanın nizami hərbi hissələri, aviasiyası, tank birlikləri iştirak edirdi. Artıq, 1992-ci ilin sonunda Zəngilan rayonunun 8 kəndi ermənilər tərəfindən işğala məruz qaldı.

1993-cü il aprelin 3-də erməni silahlı birləşmələri Kəlbəcər rayonunu işğal etdilər. Aprelin 6-da BMT Təhlükəsizlik Şurasının sədri Azərbaycanın Kəlbəcər rayonunun erməni silahlı birləşmələri tərəfindən işğalını ittiham edərək bu ərazilərin dərhal azad edilməsini və ordunun oradan çıxarılmasını tələb edən bəyanatla çıxış etdi.

İyulun 23-də ermənilər Azərbaycanın Ağdam rayonunu, avqustun 23-26-da Fizuli və Cəbrayıl, avqustun 31-də Qubadlı rayonunu ələ keçirdilər. Noyabrın 28-i ilə dekabrın 1-i arasında isə Horadiz qəsəbəsi və Zəngilan rayonu erməni silahlı birləşmələri tərəfindən qəsb olundu.

BMT Təhlükəsizlik Şurası 822-ci (30.04.1993), 853-cü (29.07.1993), 874-cü (14.10.1993) və 884-cü (11.11.1993) qətnamələri qəbul edir və Ermənistandan bu qətnamələrin qərarlarına tabe olaraq qeyd-şərtsiz bütün hərbi birliklərini işğal edilmiş Azərbaycan torpaqlarından çıxarmasını tələb edir. Lakin BMT Təhlükəsizlik Şurasının bütün bu qətnamələrinə baxmayaraq, Ermənistan əvvəlkitək Azərbaycan ərazilərini işğal altında saxlayır və qəsb olunmuş torpaqları fəal şəkildə məskunlaşdırır, bununla da beynəlxalq ictimaiyyətin iradəsinə məhəl qoymurdu.

ATƏT-in Nazirlər Şurası 1992-ci ilin martında Helsinkidə münaqişənin dinc yolla nizamlanması üzrə danışıqlar üçün format şəklində Minsk qrupunun yaranmasına razılıq verdi. Ermənistan, Azərbaycan, Belarusiya, sabiq Çexoslovakiya Federativ Respublikası, Fransa, Almaniya, İtaliya, Rusiya Federasiyası, İsveç, Türkiyə və Amerika Birləşmiş Ştatları o vaxt bu konfransda iştirak etməyə razı oldular.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi ilə respublikada ictimai-siyasi şərait sabitləşdi və o, yeni hərbi birləşmələr yaranmağa, hərbi quruculuq dövlət siyasətinin prioritetini təşkil etməyə başladı.

Xalq tərəfindən prezident olaraq seçilmiş Heydər Əliyevin Azərbaycanın siyasi və hərbi böhrandan çıxarılması üçün göstərdiyi səylər və yorulmadan çalışmaları nəzərəçarpacaq nəticələrə gətirib çıxardı. Yeni siyasi düşüncə, yeni və dinamik neft strategiyası, milli ordunun gücləndirilməsi, güclü təbliğat kampaniyası dünya ictimaiyyətinin fikrinin Azərbaycanın lehinə dəyişməsinə səbəb oldu, riyakar erməni təbliğatına güclü zərbə endirildi.

Bütün bu amillər, həmçinin, BMT-nin və Avropanın beynəlxalq qurumlarının səyləri 1994-cü il mayın 10-da Bişkek protokolunun imzalanmasına gətirib çıxardı, bundan sonra 12 may tarixindən etibarən bütün cəbhə boyu atəşkəs qüvvəyə mindi.

1997-ci ilin yanvarından ATƏT-in Minsk qrupu danışıqlar üçün ABŞ, Fransa və Rusiyadan ibarət üç həmsədrdən təşkil olunmuş yeni format yaratdı. Minsk qrupu münaqişənin dinc yolla nizamlanması üzrə təklifləri işləyib hazırlamalı idi.

Azərbaycan erməni təcavüzü nəticəsində ərazisinin 20 faizini itirdi. Bu təcavüz nəticəsində 20.000-ə yaxın insan həlak oldu, 50.000 nəfər yaralandı və sağlamlıq imkanlarını itirdi, milyondan artıq insan öz torpağından məhrum oldu, məcburi köçkün vəziyyətinə düşdü, 5000 insan itkin düşdü. Bundan başqa, müharibə və ərazilərin işğalı nəticəsində Azərbaycan böyük miqdarda sosial-iqtisadi zərərə məruz qaldı. Birbaşa və dolayı itkilərin ümumi miqdarı 56 milyard ABŞ dolları təşkil etdi.

Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində erməni silahlı qüvvələri 1421 sayda mədəniyyət evini və klubu, 8 rayon, 32 şəhər, 10 uşaq və 683 kənd kitabxanasını, 6 mədəniyyət və istirahət parkını, 47 uşaq musiqi məktəbini, 3 teatrı, 3 qalereyanı, 464 tarixi abidəni, 40.000 ədədə yaxın tarixi eksponatı və 4.6 milyon kitabı məhv etmiş və dağıtmışlar.

Erməni təcavüzkarları tərəfindən qarət olunmuş 22 muzeydən 40.000 ədəd qiymətli əşya və eksponat qarət olunmuşdur. Qarət olunmuş və dağıdılmış muzeylər arasında unikal tarixi eksponatları, qızıl və gümüş əşyaları, nadir qiymətli daşları, xalçaları və digər tətbiqi və əl işləri xarakteri daşıyan əşyaları ilə seçilən Kəlbəcər tarix-diyarşünaslıq muzeyi, Şuşa şəhərinin tarix muzeyi, Ağdam şəhərindəki çörək muzeyi, həmçinin Zəngilan rayonundakı daş abidələr muzeyi vardır. Ağdam, Laçın, Fizuli, Şuşa, Qubadlı, Cəbrayıl və digər rayonlarda 20 ədəd müasir tipli mədəniyyət sarayı məhv edilmişdir.

Bu məlumatlar dünya ictimaiyyətinə erməni təcavüzkarlarının vandalizmi və dağıdıcılığını aydın şəkildə təsəvvür etmək üçün verilmişdir.

Azərbaycanın 2001-ci ilin yanvarında Avropa Şurasına daxil olarkən Dağlıq Qarabağ ətrafındakı münaqişənin nizamlanmasının yalnız dinc yollarından istifadə etmək üzrə öhdəliklər götürməsinə baxmayaraq, ATƏT-in Minsk qrupu çərçivəsində gedən danışıqlarda hiss olunacaq nəticələr əldə edilməsə, Azərbaycan ermənilər tərəfindən işğal olunmuş torpaqlarının hərbi yolla azad olunması hüququnu saxladı.

İlham Əliyevin uğurlu xarici siyasəti ona gətirib çıxardı ki, 2005-ci ildə Strasburqda AŞPA-nın qış sessiyası çərçivəsində britaniyalı parlament üzvü Devid Atkinsonun Dağlıq Qarabağ üzrə məruzəsi dinlənmiş və onun əsasında bəyannamə qəbul edilmişdir. Bəyannamədə aşağıdakılar qeyd olunmuşdur:

«Hərbi əməliyyatların başlanmasından 10 ildən artıq keçməsinə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalır. Yüz minlərlə insan hələ də yerini dəyişməkdə və dözülməz şəraitdə həyat sürməkdədir.

Parlament assambleyası təkrar edir ki, AŞ-a üzv olan ölkənin xarici ərazini işğal etməsi həmin ölkənin Avropa Şurasının üzvü kimi öz üzərinə götürdüyü öhdəlikləri ciddi şəkildə pozmasına dəlalət edir və təsdiq edir ki, münaqişə regionundan yerini dəyişmiş insanlar toxunulmaz və ləyaqətli şəkildə yenidən öz evlərinə dönmək hüququna malikdirlər. Assambleya, eyni zamanda münaqişənin dinc yolla həlli üzrə ATƏT çərçivəsində Minsk prosesini dəstəkləyir və Ermənistan ilə Azərbaycanı razılaşma yoluna dəvət edirdi.

30 ilə yaxın bir müddətdə, sülh danışıqlarına məhəl qoymayan Ermənistan tərəfi, sentyabrın 27, 2020-ci ildə, Dağlıq Qarabağ ərazisindən müxtəlif növ silahlardan, o cümlədən, ağır artilleriyadan və ballistic raketlərdən istifadə edərək yaşayış məntəqələrini və hərbi mövqeləri atəşə tutaraq cəbhə bölgələrində təxribat yaratdı, Azərbaycanın cəbhə bölgəsinə yaxın olmayan əraziləri, Gəncə, Tərtər, Bərdə şəhərləri və dinc əhali artilleriya atəşinə tutuldu, körpələr və məktəblilər həlak oldu.Ermənistan tərəfi, bununla da Qarabağ münaqişəsini sülh yolu ilə həll edərək, Azərbaycana qaytarmaq niyyətində olmadıqlarını göstərdilər.

Azərbaycan prezidenti, respublika Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə Azərbaycan ordusu Azərbaycan torpaqlarını erməni təcavüzkarlarından azad etməyə və Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə hazır olduğunu bəyan etdi.

Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın işğal altındakı şəhər və rayonumuzun qaytarılması ilə nəticələnən Vətən Müharibəsi, tariximizin qələbə səhifəsinə çevrildi. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər, Xocavənd şəhərləri hərbi güc hesabına azad edildi.

8 noyabr 2020-ci il tarixində isə, ağır döyüşlər nəticəsində, Şuşanın işğaldan azad edilməsi Azərbaycan ordusunun şanlı qələbəsi oldu. 44 gün ərzində Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları, bütün Türkiyə xalqı informasiya müharibəsində də həmrəylik nümayiş etdirərək Ermənistanı sülh sazişinin imzalamasına səbəb oldu.

10 noyabr 2020-ci il tarixində Rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində hərbi yolla, 28 il düşmən əsarətində olan vətən torpaqlarını işğaldan azad etdi.

Azərbaycan xalqı, Ali Baş Komandan İlham Əliyevin ətrafında “dəmir yumruq” kimi birləşərək bütün dünyaya mübariə əzmini nümayiş etdirdi. Azərbaycan torpaqlarının ərazi bütövlüyü birmənalı olaraq təsdiq edildi. Ali baş komandanın rəhbərliyi altında, “Qarabağ Azərbaycandır!” bəyanatı 44 gün ərzində öz həllini rəşadətli ordumuzun sayəsində reallığa çevirdi.

Və nəhayət.. 21 sentyabr Yevlaxda keçirilən görüş zamanı Samvel Şahramanyan qondarma rejimin 2024-cü il yanvarın 1-dən ləğv ediləcəyi barədə fərman imzaladı.

Bununla da separatçıların nümayəndələri kapitulyasiyanı bəyan etdilər.

Qərara əsasən, qondarma rejimin bütün qurumları və təşkilatları fəaliyyətini dayandırır. Bununla da "Dağlıq Qarabağ respublikası" öz mövcudluğuna son verdi.

Azərbaycan torpaqlarının ərazi bütövlüyü birmənalı olaraq təsdiq edildi.