Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında


«Azərbaycan» qəzetində dərc edilmişdir (12 iyun 2002-ci il, № 132) «Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (30 iyun 2002-ci il, № 6, maddə 329).

Relizin Tarixi: 03.11.2006

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasında son illər ərzində dövlət quruculuğu, iqtisadiyyat, elm, təhsil və mədəniyyətin müxtəlif sahələrində aparılan islahatlar öz səmərəli nəticələrini verir. Əhalinin müxtəlif qruplarının sosial vəziyyətinin yaxşılaşdırılması üçün dövlət qayğısının artırılması, əməyin qiymətləndirilməsi və təqaüdlər sisteminin təkmilləşdirilməsi sahəsində də nəzərəçarpacaq irəliləyiş əldə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycanda gənc istedadlara dövlət qayğısının artırılması haqqında» 22 iyun 1996-cı il tarixli 464 nömrəli və «Azərbaycan yazıçılarına dövlət qayğısının artırılması haqqında» 24 noyabr 1997-ci il tarixli fərmanları istedadlı gənclərin yaradıcılıq potensialının inkişaf etdirilməsi işinə öz müsbət təsirini göstərmişdir.

Azərbaycan xalqı qarşısında böyük xidmətləri olmuş şəxslərin bir qrupu üçün də fərdi təqaüdlərin təyin edilməsi bu yolda atılmış konkret addım olmuşdur. Azərbaycan Respublikası Prezidentinin «Ədəbiyyat və incəsənət xadimlərinə dövlət qayğısının artırılması haqqında» 10 noyabr 1997-ci il tarixli 641 nömrəli Fərmanı ilə Azərbaycanın qocaman ədəbiyyat və incəsənət xadimlərinin bir qrupu üçün ömürlük fərdi təqaüd təsis edilmiş və Azərbaycan Respublikası Prezidentinin 21 fevral 1998-ci il tarixli 677 nömrəli Fərmanı ilə həmin fərdi təqaüdlərin sayı artırılmışdır. 1997-ci ildən indiyə qədər səksən dörd nəfər qocaman ədəbiyyat və incəsənət xadimi fərdi təqaüdə layiq görülmüşdür.

Azərbaycanın ədəbiyyat və incəsənət xadimləri ilə yanaşı ölkəmizin elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyində və digər sahələrdə böyük əməyi olmuş şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü təsis edilsin.

2. Hər biri iki milyon beş yüz min manat məbləğində beş yüz fərdi təqaüd müəyyən edilsin.

3. Fərdi təqaüd Azərbaycan Respublikası Prezidentinin qərarı ilə dövlət büdcəsi hesabına verilir.

4. Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 1997-ci il tarixli 641 nömrəli21 fevral 1998-ci il tarixli 677 nömrəli fərmanları, habelə 22 dekabr 1997-ci il tarixli 714 nömrəli, 22 fevral 1998-ci il tarixli 752 nömrəli, 29 may 1998-ci il tarixli 813 nömrəli, 23 avqust 1998-ci il tarixli 884 nömrəli, 6 dekabr 1999-cu il tarixli 278 nömrəli, 22 yanvar 2000-ci il tarixli 318 nömrəli, 19 aprel 2000-ci il tarixli 396 nömrəli, 29 aprel 2000-ci il tarixli 402 nömrəli, 18 dekabr 2000-ci il tarixli 589 nömrəli, 1 mart 2001-ci il tarixli 634 nömrəli, 11 avqust 2001-ci il tarixli 787 nömrəli, 7 sentyabr 2001-ci il tarixli 801 nömrəli, 13 noyabr 2001-ci il tarixli 828 nömrəli, 3 dekabr 2001-ci il tarixli 832 nömrəli, 12 dekabr 2001-ci il tarixli 836 nömrəli, 1 may 2002-ci il tarixli 904 nömrəli sərəncamları qüvvədən düşmüş hesab edilsin.

5. Bu Fərman 2002-ci il iyul ayının 1-dən qüvvəyə minir.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 11 iyun 2002-ci il

№ 715

«Azərbaycan» qəzetində dərc edilmişdir (12 iyun 2002-ci il, № 132) («LegalActs» LLC).

«Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (30 iyun 2002-ci il, № 6, maddə 329) («LegalActs» LLC).

2 oktyabr 2002-ci il tarixli, 791 nömrəli; 23 dekabr 2004-cü il tarixli, 160 nömrəli; 16 mart 2005-ci il tarixli, 209 nömrəli; 3 noyabr 2006-cı il tarixli, 477 nömrəli fərmanlara əsasən dəyişikliklərlə («LegalActs» LLC).

© LegalActs LLC