«Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq haqqında» Müqavilənin təsdiq edilməsi barədə


«Azərbaycan» qəzetində dərc edilmişdir (11 dekabr 2002-ci il, № 284) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2002-ci il, № 12, maddə 697)

Relizin Tarixi: 22.10.2002

«Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq haqqında» Müqavilənin təsdiq edilməsi barədə

«Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq haqqında» Müqavilənin təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. «Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq haqqında» 2002-ci il mayın 3-də Bakı şəhərində imzalanmış Müqavilə təsdiq edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 22 oktyabr 2002-ci il

№ 369-IIQ

«Azərbaycan» qəzetində dərc edilmişdir (11 dekabr 2002-ci il, № 284) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2002-ci il, № 12, maddə 697) («LegalActs» LLC).


Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq haqqında
Müqavilə

Azərbaycan Respublikası və Türkiyə Respublikası (bundan sonra «Razılığa Gələn Tərəflər» adlandırılan),

Dostluq əlaqələrinin daha da təşviq etdirilməsini və milli suverenlik, hüquq bərabərliyi və Razılığa Gələn Tərəflərin daxili işlərinə qarışmamaq prinsipləri əsasında mülki və ticarət işlərində qarşılıqlı hüquqi yardımı asanlaşdırmağı arzu edərək,

Mülki və ticarət işlərində qarşılıqlı yardım haqqında Müqavilə bağlanmasını qərara alaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

Birinci bölmə. Ümumi müddəalar

Maddə 1

Bu Müqavilənin məqsədi bir Razılığa Gələn Tərəfin vətəndaşlarının digər Razılığa Gələn Tərəfin ədliyyə idarələri qarşısında mülki və ticarət işlərində hüquqi müdafiəsini təmin etməyi, hər iki Razılığa Gələn Tərəflərin ədliyyə idarələri tərəfindən mülki və ticarət işlərində qarşılıqlı hüquqi yardım göstərmək üçün əməkdaşlığı və mülki və ticarət işlərinə dair məhkəmə qərarlarının tanınması və icra edilməsini tənzimləməkdir.

Maddə 2

1. Bir Razılığa Gələn Tərəfin vətəndaşları digər Razılığa Gələn Tərəfin ədliyyə idarələrində baxılan mülki və ticarət işlərində həmin Razılığa Gələn Tərəfin vətəndaşları ilə eyni şərtlərlə hüquqi müdafiəyə malikdirlər.

2. Bir Razılığa Gələn Tərəfin vətəndaşları mülki və ticarət işlərində digər Razılığa Gələn Tərəfin ədliyyə idarələrinə həmin Razılığa Gələn Tərəfin vətəndaşları ilə eyni şərtlərlə sərbəst iddia qaldırmaq hüququna malikdirlər.

3. Razılığa Gələn Tərəflərdən birinin ərazisində iqamətgahı yerləşən və həmin Razılığa Gələn Tərəfin qanunvericiliyinə uyğun olaraq təsis edilmiş hüquqi şəxslərə də bu Müqavilənin müddəaları şamil edilir.

Maddə 3

1. Bu Müqavilədə başqa hallar nəzərdə tutulmadıqda, Razılığa Gələn Tərəflərin ədliyyə idarələri Razılığa Gələn Tərəflərin təyin etdikləri Mərkəzi Orqanlar vasitəsi ilə əlaqə yaradacaqlar. Azərbaycan Respublikası tərəfindən Mərkəzi Orqan — Azərbaycan Respublikası Ədliyyə Nazirliyidir. Türkiyə Respublikası tərəfindən Mərkəzi Orqan — Türkiyə Respublikası Ədliyyə Nazirliyidir.

2. Bu Müqavilənin müddəaları diplomatik və ya konsulluq kanalları ilə əlaqə yaradılmasına maneçilik törətmir.

Maddə 4

1. Mərkəzi Orqanlar bir-birləri ilə sorğu edilən Razılığa Gələn Tərəfin dilində və ya ingilis dilində əlaqə yaradırlar.

2. Hüquqi yardım haqqında sorğular və əlavə sənədlər sorğu edən Razılığa Gələn Tərəfin dilində hazırlanır və onlara sorğu edilən Razılığa Gələn Tərəfin dilində təsdiq edilmiş tərcümələr əlavə edilir.

3. Hüquqi yardımın yerinə yetirilməsi nəticəsində əldə edilmiş sənədlər sorğu edilən Razılığa Gələn Tərəfin dilində hazırlanır.

Maddə 5

Razılığa Gələn Tərəflərin Ədliyyə Nazirlikləri sorğu əsasında bu Müqavilənin predmetini təşkil edən hüquqi məsələlərlə əlaqədar olaraq ölkələrinin qanunvericiliyi və tətbiq edilən qanunlar barədə bir-birinə məlumat verirlər.

İkinci bölmə

I hissə. Mülki və ticarət işləri üzrə hüquqi yardım

Maddə 6

Razılığa Gələn Tərəflərin ədliyyə idarələri mülki və ticarət işlərində xüsusilə, sənədlərin göndərilməsində, tərəflərin və şahidlərin dindirilməsində, ekspert rəylərinin alınmasında və digər məhkəmə sənədlərinin yerinə yetirilməsində Razılığa Gələn Tərəflərin qanunvericiliyinə uyğun olaraq bir-birlərinə yardım göstərirlər.

Maddə 7

1. Hüquqi yardım haqqında sorğu aşağıdakıları əhatə edir:

a. sorğu edən və sorğu edilən ədliyyə idarələrinin adı;

b. hüquqi yardıma ehtiyac yaradan məhkəmə işinin mahiyyəti;

c. məhkəmə işi ilə əlaqədar olan tərəflərin adları və ünvanları hüquqi şəxslərə gəldikdə isə onların adları və olduqları yer və mövcud olduqda onların nümayəndələrinin adları və ünvanları;

d. əgər sorğu sənədlərin təqdim edilməsi ilə əlaqədardırsa, həmin şəxsin tam ünvanı və təqdim ediləcək sənədlər;

e. ifadələri alınacaq şəxslərin adları və ünvanları və əgər məlumdursa, onların doğum tarixləri, vətəndaşlıqları və peşələri;

f. ifadələri alınacaq şəxslərə veriləcək suallar;

g. əldə ediləcək dəlilin mahiyyəti və ya yerinə yetiriləcək digər məhkəmə sənədləri;

h. sorğunun yerinə yetirilməsi üçün zəruri olan digər məlumatlar.

2. Hüquqi yardım haqqında sorğu bu sorğunu edən səlahiyyətli idarəsi tərəfindən imzalanır və rəsmi möhürlə möhürlənir. Sorğuya əlavə olunan sənədlər sorğu edən Razılığa Gələn Tərəfin qanunvericiliyinə uyğun olaraq təsdiq edilir.

Maddə 8

1. Sorğu edilən ədliyyə idarələri sorğunu icra etmək üçün öz dövlətinin qanunvericiliyinin müddəalarını tətbiq edir. Bununla yanaşı, sorğu edən ədliyyə idarəsi xüsusi bir üsul və ya prosedura əsasən fəaliyyət göstərməsini arzu etdikdə, sorğu edilən Razılığa Gələn Tərəfin qanunvericiliyinə zidd olmamaq şərti ilə bu üsul və ya prosedur tətbiq edilə bilər.

2. Maraqlı tərəflərin və əgər mövcuddursa, onların nümayəndələrinin iştirak edə bilmələri üçün sorğu edən ədliyyə idarəsinə onun xahişi ilə prosessual hərəkətlərin həyata keçiriləcəyi tarix və yer haqqında məlumat verilir.

3. Sorğu edilən ədliyyə idarəsi sorğunun yerinə yetirildiyini təsdiq edən sənədləri sorğu edən ədliyyə idarəsinə göndərir və ya sorğunun yerinə yetirilmədiyi hallarda bu barədə səbəbləri göstərilməklə həmin ədliyyə idarəsinə məlumat verir.

4. Sorğu edilən Razılığa Gələn Tərəf hüquqi yardım haqqında sorğuların yerinə yetirilməsi üçün öz ölkəsində çəkilən bütün xərcləri öz üzərinə götürür və bu xərclərin ödənilməsini tələb etmir.

Maddə 9

Hüquqi yardım haqqında sorğunun yerinə yetirilməsi sorğu edilən Razılığa Gələn Tərəfin suverenliyinə, təhlükəsizliyinə və ictimai quruluşuna zərər verə biləcəyi güman edilərsə, belə bir sorğunun yerinə yetirilməsindən imtina edilə bilər.

Maddə 10

1. Sorğu edən Razılığa Gələn Tərəfin ədliyyə idarəsinə çağırılan şahid və ya ekspert vətəndaşlığından asılı olmayaraq Razılığa Gələn Tərəfin ölkəsində bura gəlməsindən əvvəl törətdiyi cinayətə və ya başqa bir əmələ görə məsuliyyətə cəlb oluna, həbs edilə və ya şəxsi azadlığı hər hansı bir şəkildə məhdudlaşdırıla bilməz. Şahid və ya ekspert şahid ifadəsinə və ya ekspert rəyinə görə məsuliyyətə cəlb oluna, həbsə alına və ya onun barəsində hökm icra oluna bilməz.

2. Bu maddənin 1-ci bəndində göstərilən immunitet şahidə və ya ekspertə onların iştirakının zəruri olmaması barədə ədliyyə idarələri tərəfindən bildirildiyi tarixdən yeddi (ardıcıl) gün sonra şahid və ya ekspertin getmək imkanı olduğu halda bu ərazidə qaldıqda, yaxud onu tərk edib getdikdən sonra könüllü geri qayıtdıqda öz qüvvəsini itirir.

3. Şahid və ya ekspertin çağırış vərəqəsində sorğu edən Razılığa Gələn Tərəfin qanunvericiliyinə uyğun olaraq yol, yaşayış, gündəlik xərcləri və ekspert haqqının ödənilməsi şərtləri barədə məlumat əks olunur. Belə şəxsin müraciəti əsasında sorğu edən ədliyyə idarəsi tərəfindən yol, yaşayış, gündəlik xərcləri üçün avans ödənilir.

II hissə. Sənədlər

Maddə 11

Razılığa Gələn Tərəflərdən birinin ədliyyə idarəsinin sorğusuna əsasən digər Razılığa Gələn Tərəf sorğu edən Razılığa Gələn Tərəfin vətəndaşlarının şəxsi, ailə və iqtisadi vəziyyətini əks etdirən sənədlərin surətlərini tərcüməsiz və pulsuz göndərir.

Maddə 12

1. Razılığa Gələn Tərəflərdən birinin ölkəsində tərtib olunmuş və rəsmi təsdiq edilmiş sənədlər digər Razılığa Gələn Tərəfin ədliyyə idarələrində leqallaşmadan azad edilir.

2. Razılığa Gələn Tərəflərdən birinin rəsmi idarələri tərəfindən tərtib olunmuş sənədlər digər Razılığa Gələn Tərəfin ərazisində rəsmi sənədlərlə eyni qüvvəyə malikdir.

III hissə. Məhkəmə xərcləri və təminatdan azad olma (Judicatum solvi)

Maddə 13

Razılığa Gələn Tərəflərdən birinin vətəndaşları digər Razılığa Gələn Tərəfin ədliyyə idarələrində baxılan işlər üçün yalnız xarici vətəndaş olduqlarına və ya Razılığa Gələn Tərəfin ölkəsində yaşamadıqlarına görə təminat pulunun (Judicatum solvi) ödənilməsi tələb edilməyəcək.

Maddə 14

Razılığa Gələn Tərəflərdən birinin vətəndaşları digər Razılığa Gələn Tərəfin ərazisində məhkəmə xərcləri, ekspert haqqı və şahidlərə və vəkillərə ödəmələr, sənədlərin təqdim etmə xərcləri və digər məhkəmə xərcləri məsələlərində həmin Tərəfin vətəndaşları ilə eyni şərtlər əsasında hüquqi yardımdan istifadə etmək hüququna malikdirlər.

Maddə 15

Bu Müqavilənin 14-cü maddəsi əsasında hüquqi yardım müraciət edənin iqtisadi, ailə və şəxsi vəziyyətini əks etdirən sənədlər əsasında təmin edilir. Sənədlər müraciət edənin yaşadığı Razılığa Gələn Tərəfin qanunvericiliyinə və ya müraciət edən şəxs hər iki Razılığa Gələn Tərəfin ölkəsində yaşamırsa, vətəndaşı olduğu Razılığa Gələn Tərəfin qanunvericiliyinə uyğun olaraq tərtib edilir.

Maddə 16

Əgər bir Razılığa Gələn Tərəfin ədliyyə idarəsi digər Razılığa Gələn Tərəfin ərazisində yaşayan şəxsə hər hansı hərəkətlərin yerinə yetirilməsi üçün son müddət müəyyən etdiyi təqdirdə, bu müddət həmin şəxsə sənədlərin təqdim edildiyi tarixdən etibarən hesablanır.

Üçüncü bölmə. Mülki və ticarət işləri üzrə qərarların tanınması və icrası

Maddə 17

1. Razılığa Gələn Tərəflərdən hər biri digər Razılığa Gələn Tərəfin ərazisində çıxarılmış aşağıdakı qərarları bu Müqavilənin müddəalarına uyğun olaraq öz ərazisində tanıyır və icra edir:

a. mülki və ticarət işləri üzrə məhkəmə qərarları;

b. mülki işlər üzrə hər hansı bir məhkəmə tərəfindən təsdiq olunan barışıq müqavilələri;

c. cinayət işləri üzrə ziyanın ödənilməsi ilə bağlı məhkəmə qərarları.

2. Bu Müqavilə qüvvəyə mindikdən sonra çıxarılan qərarlar bu Müqaviləyə əsasən tanınır və icra edilir.

3. Bu Müqavilə qüvvəyə minənədək çıxarılmış qərarlar 2 noyabr 1992-ci il tarixli Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında mülki, ticarət və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım göstərilməsi haqqında Müqaviləyə əsasən tanınır və icra edilir.

Maddə 18

Bu Müqavilənin 17-ci maddəsində nəzərdə tutulan məhkəmə qərarları aşağıdakı şərtlərlə tanınır və icra edilir:

a) məhkəmə qərarı onu çıxaran Razılığa Gələn Tərəfin qanunvericiliyinə uyğun olaraq son və icra ediləcək olmalıdır;

b) məhkəmə qərarı çıxarılan Razılığa Gələn Tərəfin qanunvericiliyinə uyğun olaraq cavabdehə lazımi qaydada məhkəmə qarşısında çıxış etmək barədə bildirilmişdir və onun iddia vermək və özünü müdafiə etmək imkanı olmadığı halda, təmsil olunmaq imkanı təmin edilmişdir;

c) bu eyni tərəflər arasında eyni əsaslar və eyni predmeti olan;

i) tanınma və icra həyata keçirilən Razılığa Gələn Tərəfin məhkəməsində birinci qaldırılan və həllini gözləyən;

ii) tanınma və icra həyata keçirilən Razılığa Gələn Tərəfin məhkəməsi tərəfindən son qərar çıxarılması ilə nəticələnən işlər olmamalıdır.

d) məhkəmə qərarının tanınması və icrası həyata keçirilən Razılığa Gələn Tərəfin məhkəmələrinin müstəsna səlahiyyətlərinə daxil olmayan predmet barədə çıxarılmalıdır;

e) məhkəmə qərarının tanınması və icra olunması tanınma və icra həyata keçirilən Razılığa Gələn Tərəfin ictimai quruluşuna zidd olmamalıdır.

Maddə 19

Sorğuya aşağıdakı sənədlər əlavə edilməlidir:

a) son və icra qüvvəsinə malik olduğu barədə təsdiqi əks etdirən məhkəmə qərarının tam və müvafiq qaydada təsdiq edilmiş surəti;

b) əgər məhkəmə qərarı qiyabi çıxarılmışsa, iştirak etməyən tərəfə məhkəmə çağırışının lazımi qaydada verilməsini təsdiq edən sənədin əsli və ya təsdiq edilmiş surəti;

c) ərizənin və bu Maddənin (a)-(b) bəndlərində göstərilən sənədlərin məhkəmə qərarının tanınması və icrası həyata keçiriləcək Razılığa Gələn Tərəfin dilinə və ya ingilis dilinə təsdiq edilmiş tərcüməsi.

Maddə 20

1. Məhkəmə qərarının tanınması və icrası tanınma və icra həyata keçirilən Razılığa Gələn Tərəfin qanunvericiliyi ilə tənzimlənir.

2. Tanınma və icra olunma barədə qərar çıxaran məhkəmə qərarın mahiyyətini yoxlamır. O, yalnız bu Müqavilənin 19 və 20-ci maddələrinin müddəalarını nəzərə alır.

Maddə 21

Bu Müqavilənin tanınmaya və icraya aid olan müddəaları xarici məhkəmənin qərarının icrası nəticəsində əldə edilən pul və əşyaların xaricə köçürülməsi haqqında Razılığa Gələn Tərəflərin qanunvericiliklərinin müddəalarına xələl gətirməyəcək.

Dördüncü bölmə. Yekun müddəaları

Maddə 22

Bu Müqavilə Razılığa Gələn Tərəflərin iştirakçı olduqları və ya olacaqları və bu Müqavilənin tənzimlədiyi müddəaları əhatə edən beynəlxalq sənədlərə xələl gətirmir.

Maddə 23

Bu Müqavilənin tətbiq edilməsi ilə bağlı Razılığa Gələn Tərəflər arasında ortaya çıxa biləcək bütün çətinliklər diplomatik kanallar vasitəsi ilə həll ediləcəkdir.

Maddə 24

1. Hazırki Müqavilə ratifikasiya edilməlidir.

2. Müqavilə ratifikasiya fərmanlarının mübadiləsindən 30 gün sonra qüvvəyə minir.

3. Bu Müqavilə qeyri-müəyyən müddətdə qüvvədədir. Hər bir Razılığa Gələn Tərəf onu yazılı şəkildə denonsasiya edə bilər. Bu halda Müqavilə digər Razılığa Gələn Tərəf denonsasiya haqqında bildirişi aldığı tarixdən 12 ay ərzində qüvvədə qalacaqdır.

4. Hazırki Müqavilə qüvvəyə mindikdən sonra 2 noyabr 1992-ci il tarixli Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında mülki, ticarət və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım göstərilməsi haqqında Müqavilə qüvvəsini itirir.

Bakı şəhərində, 3 may 2002-ci ildə iki nüsxədə hər biri Azərbaycan, Türk və ingilis dillərində imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir. Təfsirlər fikir ayrılığı yarandığı təqdirdə ingilis dilində olan mətndən istifadə edilir.

Azərbaycan Respublikası adından

Fikrət Məmmədov

ədliyyə naziri

Türkiyə Respublikası adından

Hikmət Sami Türk

ədliyyə naziri


© LegalActs LLC