"Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası üzrə Proqram"ın təsdiq edilməsi barədə

AZƏRBAYCAN   RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

QƏRAR

№ 276

Bakı şəhəri, 13 avqust 2014-cü il

"Narkomanlığa  düçar  olmuş  şəxslərin  müalicəsi, reabilitasiyası və resosializasiyası  üzrə Proqram"ın  təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planı"nın 4.2.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası üzrə Proqram" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

 

Azərbaycan  Respublikası  Nazirlər Kabinetinin  2014-cü il 13 avqust tarixli 276 nömrəli qərarı ilə təsdiq edilmişdir

Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası üzrə

PROQRAM

1.  Giriş

1.1. Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası üzrə Proqram (bundan sonra - Proqram) Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planı"nın 4.2.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.

1.2. Proqramın hazırlanması zamanı "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 161-IIQ nömrəli Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 31 iyul tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş "İnsan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi ilə əlaqədar detoksifikasiyanın keçirilməsi Qaydası"na və 2006-cı il 26 yanvar tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş "Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsində istifadə olunan əvəzedici müalicə proqramlarının tətbiqinin Şərtləri və Qaydaları"na istinad edilmişdir.

 2.   Əsas anlayışlar

2.1. Proqramda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. narkoloji xidmət - insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə etmə hallarının, habelə narkoloji xəstəliklərin qarşısının alınmasına yönəldilmiş tibbi (narkoloji yardım) və sosial tədbirlərin məcmusudur;

2.1.2. narkoloji yardım - narkoloji xəstələrin, o cümlədən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə edən şəxslərin səhhətinin, psixoloji vəziyyətinin qiymətləndirilməsinə və onların müalicə edilməsinə yönəldilmiş tibbi tədbirlər, habelə bu şəxslərin səhhəti üzərində həyata keçirilən sonrakı müşahidədir;

2.1.3. narkoloji xəstə - insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi nəticəsində inkişaf etmiş asılılıq vəziyyətində olan və ya şüur pozuntusu, o cümlədən psixi və davranış pozuntuları ilə müşahidə olunan, barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada alkoqolizm, narkomanlıq və ya toksikomanlıq diaqnozu təyin edilmiş şəxsdir;

2.1.4. narkomanlıq - xroniki intoksikasiya doğuran, narkotik vasitələrin və psixotrop maddələrin sui-istifadəsi nəticəsində yaranmış, narkotik vasitələrdən və psixotrop maddələrdən psixi və (və ya) fiziki asılılıqla ifadə olunan xəstəlik vəziyyətidir;

2.1.5. abstinent sindromu - insan psixikasına təsir göstərən maddələrin istehlakının qəflətən dayandırılması və ya onların antaqonistlərinin təsiri nəticəsində yaranmış, psixi, somato-vegetativ və nevroloji pozuntularla səciyyələndirilən, klinik təzahürləri və gedişatı həmin maddələrin xarakterindən və istehlakın davamlılığından asılı olan vəziyyətdir;

2.1.6. detoksifikasiya - insan psixikasına təsir göstərən maddələrin və ya onların dağılması məhsullarının orqanizmdən çıxarılması yolu ilə orqanizmin zəhərlənmə nəticəsində pozulmuş funksiyalarının bərpası, insan psixikasına təsir göstərən maddələrin doğurduğu abstinent sindromunun və asılılığın aradan qaldırılmasıdır;

2.1.7. narkoloji tibb müəssisəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yaradılmış və narkoloji yardım sahəsində fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisəsidir;

2.1.8. həkim-narkoloq - narkoloji xəstələrə ixtisaslaşdırılmış tibbi yardım göstərmək üçün müvafiq ixtisasa malik olan şəxsdir.

 3. Proqramın məqsədi

3.1. Proqramın məqsədi aşağıdakılardır:

3.1.1. narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərin kompleks müalicə-reabilitasiya və resosializasiya tədbirlərinə cəlb edilməklə, narkotik vasitələrə və psixotrop maddələrə olan tələbatın azaldılması;

3.1.2. narkotik istifadəçilərinin proqram çərçivəsində aşkar edilməsi və proqramlara cəlb edilməsi sisteminin yaradılması;

3.1.3. narkotik istifadəçilərinin kompleks reabilitasiya və resosializasiya proseslərini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi;

3.1.4. narkomanlığın müalicəsi ilə məşğul olan tibbi kadrların potensialının gücləndirilməsi; 

3.1.5. narkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi;

3.1.6. əhali arasında narkomanlığın zərəri barədə maarifləndirmə işinin gücləndirilməsi;

3.1.7. kompleks reabilitasiya kursunu müvəffəqiyyətlə yekunlaşdırmış narkotik istifadəçilərinin resosializasiya və postreabilitasion sosial patronatlıq sisteminin təşkili.

  4. Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi

4.1. Hər bir narkoloji tibb müəssisəsində narkomanlığın müalicəsində xəstənin vəziyyətinin düzgün qiymətləndirilməsi və aparılacaq müalicənin adekvat olması üçün ixtisaslı kadrların olması və aşağıdakı müayinələrin keçirilməsi vacibdir:

4.1.1.   kliniki, biokimyəvi, toksikoloji və seroloji laborator müayinələr;

4.1.2.  götürülmüş qan, tük və sidik nümunəsində narkotik vasitə və psixotrop maddələrdən istifadəni aşkar etmək məqsədi ilə müasir laborator müayinələr;

4.1.3.  funksional müayinə - elektrokardioqrafiya, elektroensefaloqrafiya;

4.1.4. rentgenoloji müayinə;

4.1.5.  ultrasəs müayinəsi;

4.1.6.  insanın immunçatışmazlığı virusunun, B və C hepatitlərinin, sifilisin müayinəsi.

4.2.  Narkoloji yardım aşağıdakı mərhələlərdə həyata keçirilir:

4.2.1.  narkoloji yardımın ilkin-profilaktik mərhələsi;

4.2.2.  ilkin narkoloji yardım mərhələsi;

4.2.3. ambulator müalicə və reabilitasiya mərhələsi;

4.2.4. stasionar müalicə və reabilitasiya mərhələsi;

4.2.5. residiv əleyhinə və dəstəkləyici müalicə mərhələsi.

4.3.  Narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərin müalicəsində elmin son nailiyyətlərinə əsaslanan üsullardan istifadə edilir və bu üsullar üç mərhələdə həyata keçirilir:

4.3.1. birinci mərhələ - abstinent sindromunun aradan qaldırılması;

4.3.2.  ikinci mərhələ - remissiyanın formalaşması;

4.3.3.  üçüncü mərhələ - remissiyanın stabilləşməsi.

4.4. Narkoloji xəstələrin müalicə üsulları narkoloji xəstənin səhhətinin vəziyyəti və onu əhatə edən mühit nəzərə alınmaqla, narkoloji müəssisədə (stasionar və ya ambulator şəraitdə) və ya xəstənin evində (ambulator şəraitdə) həkim-narkoloq tərəfindən tətbiq edilir. Ev şəraitində müalicə olunan narkoloji xəstələr haqqında tətbiq edilən bütün müalicə tədbirləri narkoloji xəstələrin müşahidəsi üçün nəzərdə tutulan ambulator kartalarına daxil edilməlidir. Narkoloji xəstənin qəbul etdiyi müalicə kursundan sonra aparılan sosial-psixoloji reabilitasiya kursu onun fərdi tələbatına uyğun olmalıdır.

4.5.  Həkim-narkoloq psixoloqla birlikdə hər bir narkoloji xəstənin fərdi müalicə, sosial-psixoloji reabilitasiya və sonrakı müşahidə proqramını tərtib etməlidir.

4.6. Ayrı-ayrı müalicə üsullarının tətbiqi və narkoloji xəstənin müalicə müddəti xəstənin mənafeyi nəzərə alınmaqla, həkim-narkoloq tərəfindən tibbi göstəricilər əsasında müəyyən edilir.

4.7.  Opioid asılılığının əvəzedici müalicəsinin (detoksikasiya və ya yardımçı terapiyanın) tətbiqinə dövlət narkoloji tibb müəssisələrində icazə verilir.

 5. İnsan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi ilə əlaqədar detoksifikasiyanın keçirilməsi

5.1. Detoksifikasiya narkoloji tibb müəssisəsində təşkil olunmuş intensiv terapiya palatasında həyata keçirilir.

5.2. İstisna hallarda xəstənin həyatı üçün bilavasitə təhlükə yarandıqda, detoksifikasiya digər tibb müəssisələrində (reanimasiya, toksikologiya şöbələrində) həyata keçirilə bilər. Xəstənin həyatı üçün təhlükə aradan qaldırıldıqdan sonra o, narkoloji tibb müəssisəsinə köçürülməlidir.

5.3. Detoksifikasiya müddəti narkoloji xəstənin psixi və somatik vəziyyətindən asılı olaraq müəyyən edilir.

5.4. Detoksifikasiya əsasən dezintoksikasiya, hemosorbsiya və plazmaferez metodları ilə həyata keçirilir.

5.5.   Göstərilən detoksifikasiya metodları aşağıdakı hallarda tətbiq edilir:

5.5.1. narkoloji xəstəliklərlə əlaqədar həyat üçün təhlükə yaradan vəziyyətlərin mövcudluğunda;

5.5.2. narkoloji xəstəliklərlə yanaşı, digər xəstəliklər olduqda;

5.5.3. xəstələrin arzusu ilə (yazılı şəkildə) seçilən detoksifikasiya üsulunun həkim məsləhət komissiyasının qərarı əsasında qiymətləndirilməsində və təyininin mümkünlüyündə.

5.6. Opioidlərin istifadəsi nəticəsində narkomanlığa düçar olmuş şəxslərin əvəzedici dərman preparatları ilə detoksifikasiyası stasionar və ya ambulator şəraitdə aparılır. Stasionar detoksifikasiya qısamüddətli, ambulator detoksifikasiya isə qısamüddətli (1 ayadək), ortamüddətli (3 ayadək) və uzunmüddətli (6 ayadək) olur.

5.7. Xəstələrin detoksifikasiyasında kompleks terapevtik yanaşma tələb olunur. Müalicənin bütün mərhələlərində isə fərdi psixoterapevtik təsir metodlarından istifadə edilməlidir.

5.8. Aparılmış müalicədən sonra xəstələrin könüllü qaydada reabilitasiya proqramlarında iştirak etmələrinin həmin şəxslərin uzunmüddətli remissiyada olmaları və ya ömürlərinin sonunadək narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadədən imtina etmələrində böyük əhəmiyyəti vardır.

6. Narkomanlığa düçar olmuş şəxslərin reabilitasiyası

6.1. Məqsəd qrupları reabilitasiya potensialına əsasən diferensiasiya edilmiş narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərdir.

6.2. Reabilitasiya proqramının məqsədi aşağıdakılardır:

6.2.1. yüksək reabilitasiya potensialına malik xəstələrdə dayanıqlı remissiyaya nail olmaq;

6.2.2. orta reabilitasiya potensialına malik xəstələrdə normativ şəxsiyyət statusunun bərpası və mümkün qədər davamlı remissiyaya nail olmaq;

6.2.3. aşağı reabilitasiya potensialına malik xəstələrdə zərəri azaltmaq və neqativ nəticələri minimuma endirmək (birinci mərhələ).

6.3. Bu Proqramın 6.2-ci bəndində göstərilən məqsədlərə nail olmaq üçün aşağıdakı tədbirlər həyata keçirilməlidir:

6.3.1. xəstənin narkotik vasitə və psixotrop maddə qəbulundan qəti şəkildə imtina etməsinə və reabilitasiya prosesinə fəal qoşulmasına meyilin formalaşdırılması;

6.3.2. xəstədə narkotik vasitə və psixotrop maddə qəbuluna patoloji meyilin qeyri-aktuallaşmasına yönəldilən kompleks farmakoloji və psixoterapevtik tədbirlərin yerinə yetirilməsi;

6.3.3. affektiv və davranış pozuntularının korreksiyası;

6.3.4. somatik disfunksiyaların korreksiyası və sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması;

6.3.5. şəxsiyyətin pozitiv inkişafının təmin edilməsi məqsədi ilə strukturun korreksiyası;

6.3.6. pozitiv ailədaxili əlaqələrin bərpası;

6.3.7. sosial əlaqələrin bərpası, əmək readaptasiyası.

 7. Narkotik istifadəçilərinin aşkar edilməsi, müalicəsi, reabilitasiyası və resosializasiyası üzrə proqramlara cəlb olunması

7.1. Müalicə-reabilitasiya və resosializasiya proqramlarının həyata keçirilməsi narkotik istifadəçilərinin aşkar edilməsi və onların müalicə-reabilitasiya və resosializasiya proqramlarına cəlb olunmasını təmin edən tədbirlər sisteminin yaradılmasını tələb edir.

7.2. Narkotik istifadəçilərinin müstəqil olaraq kompleks reabilitasiya və resosializasiya xidmətlərinin göstərilməsi üçün müraciət etmələrinə bütün zəruri şərtlər yaradılmalıdır. Belə bir müraciətin edilməsinə köməkliyi narkotik istifadəçisinin özü, eləcə də onun mikrososial ətrafı (dəyər verdiyi yaxınları) göstərməlidirlər.

7.3. Bu istiqamətdə narkotik istifadəçilərinin aşkarlanması aşağıdakı mütəxəssislər tərəfindən həyata keçirilir:

7.3.1. təşkilati-hüquqi formasından asılı olmayaraq, səhiyyə təşkilatlarının tibb işçiləri;

7.3.2. pedaqoji işçilər, psixoloqlar və digər tədris müəssisəsinin mütəxəssisləri;

7.3.3. yetkinlik yaşına çatmayanların nəzarətdən kənarda qalmaması və hüquq pozuntularının profilaktikası sistemi üzrə mütəxəssislər;

7.3.4. psixoloqlar, sosial iş üzrə mütəxəssislər, narkotik istifadəçilərinin kompleks reabilitasiya və resosializasiya proqramını keçmələri üçün cəlbetməni həyata keçirən təşkilatların məsləhətçiləri və könüllüləri;

7.3.5. hərbi-həkim komissiyalarının həkim-narkoloqları;

7.3.6. ədliyyə orqanlarının  həkim-narkoloqları və ittiham edilənlər və məhkumlarla psixoloji və sosial iş üzrə mütəxəssislər.

7.4. Narkotik istifadəçisinin proqramlara könüllü qaydada müraciəti təmin edilməlidir.

7.5. Narkotik istifadəçisinə və onun mikrososial əhatəsinə fəal motivasion təsir göstərilməlidir. Motivasion təsir xəstənin yaxın ətrafı, tibb işçiləri, sosial işçilər tərəfindən göstərilir.

7.6. Diskriminasiyaya yol verilməməlidir.

7.7. Narkotik istifadəçisinin səhhəti həkim-narkoloq və digər həkim-mütəxəssislər tərəfindən qiymətləndirilir və nəticələrdən asılı olaraq həkim-narkoloq tərəfindən müvafiq müalicə-reabilitasiya proqramına yönəldilir.

 8. Reabilitasiya və resosializasiya tədbirlərinin həyata keçirilməsinin əsas prinsipləri

8.1. Reabilitasiya və resosializasiya tədbirlərinin həyata keçirilməsinin əsas prinsipləri aşağıdakılardır:

8.1.1. xəstənin reabilitasiya proqramında iştirakının könüllülüyü;

8.1.2. müalicə-reabilitasiya metodlarının seçimində fərdi yanaşma;

8.1.3. anonimliyin təmin edilməsi;

8.1.4. etibarlılıq və partnyorluq;

8.1.5. qarşılıqlı məsuliyyət;

8.1.6. bioloji və psixoterapevtik təsir metodlarının vəhdəti;

8.1.7. müalicə-reabilitasiya prosesinin mərhələliyi

 9. Müalicə-reabilitasiya proqramından sonrakı sosial patronaj və resosializasiya

9.1. Müalicə-reabilitasiya mərhələsini keçən şəxslərdə narkotiklərdən qəti imtina barədə qərarın formalaşması resosializasiya və əmək reinteqrasiyası şəraitində davam etdirilir.

9.2. Narkotiklərdən imtina etmiş şəxslərin resosializasiyası terapevtik icmalarda və qarşılıqlı yardım qruplarında keçirilir.

9.3. Sosial dezadaptasiyanın, motivasiyanın və səhhətinin vəziyyətindən, situasion və digər faktorlardan asılı olaraq, resosializasiya reabilitasiya ilə eyni zamanda həyata keçirilə bilər.

9.4. Narkotik vasitə istifadəçisi müalicə-reabilitasiya və resosializasiya proqramını bitirdikdən sonra 2 (iki) il müddətində onda  residiv müşahidə edilmədikdə və həmin şəxs bu müddətdə sosial münasibətlərini tam bərpa etdikdə nəticə uğurlu hesab edilir.  

9.5. Reabilitasiya kursu keçmiş və narkotiklərdən imtina etmiş şəxslərin, eləcə də tərkibində narkotik istifadəçisi olan ailələrin reabilitasiyadan sonrakı sosial patronajı, səhiyyə, təhsil müəssisələri ilə əlaqəli əhalinin sosial müdafiə işçiləri tərəfindən həyata keçirilir.

9.6. Reabilitasiyadan sonrakı sosial patronaj narkotiklərdən imtina edilən bütün dövr ərzində aşağıda göstərilən üsullarla həyata keçirilir:

9.6.1. patronajı həyata keçirən təşkilatın nümayəndələrinin yaşayış yeri üzrə nəzarəti;

9.6.2. müəyyən olunmuş vaxtda reabilitasiya kursu keçmiş narkotik istifadəçisinin dövri müayinə məqsədi ilə ərazi üzrə narkoloji müəssisəyə gəlməsinin təmin edilməsi;

9.6.3. sosial psixoloji konsultasiyalar, kompleks reabilitasiya kursu keçmiş şəxslərin dəstəkləmə qruplarında iştirakının təmin edilməsi;

9.6.4. orta təhsilin, peşə təhsilinin alınmasına və ya davam etdirilməsinə, işlə təmin olunmasına yardım göstərilməsi.

 

10. Proqramın maliyyələşdirilməsi

10.1. Proqramda göstərilən tədbirlərin icrası üçün tələb olunan xərclər müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində aidiyyəti icraçı orqanlar üçün nəzərdə tutulmuş vəsaitlər, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.

 11. Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planı

 

Sıra №-si

Tədbirin adı

İcraçı orqanlar

İcra müddəti

(illər üzrə)

1

2

3

4

11.1.

Respublika ərazisində bütün narkoloji xidmət strukturlarını əlaqələndirən vahid şəbəkənin və elektron məlumat bazasının yaradılması

Səhiyyə Nazirliyi

2014-2015

11.2.

Müalicənin müasir standartlara uyğun həyata keçirilməsi məqsədi ilə narkoloji tibb müəssisələrinin kadrlarla təmin edilməsi

Səhiyyə Nazirliyi

 

mütəmadi

11.3.

Mütəxəssislərin narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası üzrə qabaqcıl təcrübəsi olan ölkələrə təkmilləşmə kurslarına göndərilməsi

Səhiyyə Nazirliyi,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

 

 

mütəmadi

11.4.

Narkoloji tibb müəssisələrində çalışan  mütəxəssislərə yeni müalicə-reabilitasiya üsullarının geniş tətbiqi üzrə təlimlərin keçirilməsi

Səhiyyə Nazirliyi

 

mütəmadi

11.5.

 

Respublika Narkoloji Mərkəzində reabilitasiya şöbəsinin yaradılması

Səhiyyə Nazirliyi

2014-2015               

11.6.

 

Narkoloji tibb müəssisələrində müasir standartlara cavab verən laboratoriyaların yaradılması

Səhiyyə Nazirliyi

2014-2018

11.7.

Uşaq, yeniyetmə və gənclər arasında narkotik vasitələrdən asılılığa meyilli şəxslərin aşkar edilərək, onların reabilitasiya proqramlarına cəlb edilməsi

Səhiyyə Nazirliyi,

Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi

 

 

mütəmadi

11.8.

Narkomanlığa qarşı ilkin profilaktik yardım texnologiyaları barədə  əhalinin məlumatlandırılması

Səhiyyə Nazirliyi,

Milli Televiziya və Radio Şurası, Mətbuat Şurası

 

 

mütəmadi

11.9.

"Zərərin azaldılması" proqramının təbliğ edilməsi

Səhiyyə Nazirliyi,

Milli Televiziya və Radio Şurası, Mətbuat Şurası

 

 

mütəmadi

11.10.

Narkoloji xəstələrə reabilitasiyadan sonrakı patronaj və resosializasiya xidmətinin təşkili

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi

 

 

mütəmadi

 

 

22 Avqust 2014, 10:08

http://cabmin.gov.az/

1—10 / 10511

24 İyul 2023, 12:07

Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

10 İyul 2023, 15:07

“Saxta əmtəə nişanlarının və coğrafi göstəricilərin istifadəsinin qabaqlanması və qarşısının alınması üzrə MDB iştirakçısı dövlətlərinin əməkdaşlığı haqqında Saziş”in icrası ilə bağlı səlahiyyətli orqanların (qurumların) müəyyən edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

10 İyul 2023, 15:07

“Saxta əmtəə nişanlarının və coğrafi göstəricilərin istifadəsinin qabaqlanması və qarşısının alınması üzrə MDB iştirakçısı dövlətlərinin əməkdaşlığı haqqında Saziş”in təsdiqi və “Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasının Hökuməti adından imzalanmış “Yalançı əmtəə nişanlarından və coğrafi göstəricilərdən istifadənin qarşısının alınması və kökünün kəsilməsi tədbirləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

10 İyul 2023, 15:07

M.M.Seyidovun Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

10 İyul 2023, 15:07

C.Ə.Həsənovun Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

8 İyul 2023, 14:07

“Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının forması və tərtib edilməsi Qaydası”nın və “Fərdi şüalanma dozalarının uçotu və onlara nəzarət Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 134 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI   ətraflı...

8 İyul 2023, 14:07

Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

7 İyun 2023, 14:06

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu haqqında” Əsasnamə barədə” 1997-ci il 21 aprel tarixli 575 nömrəli, “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə əlavə tədbirlər haqqında” 2003-cü il 23 oktyabr tarixli 951 nömrəli, “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 26 may tarixli 69 nömrəli, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli və “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1010-VQD nömrəli Qanununun tətbiqi və “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2018-ci il 16 aprel tarixli 1921 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

7 İyun 2023, 14:06

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Polis haqqında”, “Baytarlıq haqqında” və “Atçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 868-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Polis haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 11 noyabr tarixli 205 nömrəli, “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 22 noyabr tarixli 316 nömrəli, “Atçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2007-ci il 22 may tarixli 580 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

7 İyun 2023, 14:06

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Polis haqqında”, “Baytarlıq haqqında” və “Atçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...