Azərbaycan Respublikası Prezidenti seçkiləri haqqında


«Həyat» qəzetində dərc edilmişdir (28 iyun 1991-ci il, № 122) «Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (31 iyul 1991-ci il, № 14 (843), maddə 229)

Relizin Tarixi: 26.06.1991

Azərbaycan Respublikası Prezidenti seçkiləri haqqında

Azərbaycan Respublikası Prezidenti seçkiləri haqqında

Azərbaycan Respublikasının Qanunu

1-ci Fəsil. Ümumi müddəalar

Maddə 1. Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları

Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının vətəndaşları tərəfindən ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli səsvermə yolu ilə beş il müddətinə seçilir.

Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının o vətəndaşı seçilə bilər ki, yaşı 35-dən aşağı və 65-dən yuxarı olmasın, beş il Azərbaycan Respublikasında daimi yaşamış olsun və bu Qanuna müvafiq surətdə Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirak etmək hüququna malik olsun.

Eyni şəxs dalbadal iki müddətdən çox Azərbaycan Respublikasının Prezidenti ola bilməz.

Bu maddənin tələblərinin pozulması Azərbaycan Respublikası Prezidenti seçkilərinin etibarsız sayılmasına səbəb olur.

Azərbaycan Respublikasının yeni Prezidentinin seçkisi vəzifə başında olan Prezidentin səlahiyyətinin qurtarması vaxtına doxsan gün qalmış təyin edilir.

Maddə 2. Azərbaycan Respublikası Prezidenti seçkilərində vətəndaşların iştirak etmək hüququ

Azərbaycan Respublikası Prezidenti seçkilərində Azərbaycan Respublikasının 18 yaşına çatmış vətəndaşlarının iştirak etmək hüququ vardır.

Fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən ruhi xəstə vətəndaşlar və səsvermə günü məhkəmənin hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirak etmirlər.

Azərbaycan Respublikası Prezidenti seçkilərində Azərbaycan Respublikası vətəndaşlarının iştirak etmək hüquqlarını onların mənşəyindən, sosial və əmlak vəziyyətindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dilindən, dinə münasibətindən, siyasi və digər baxışlarından, məşğuliyyətinin növündən və xarakterindən asılı olaraq məhdudlaşdırmaq qadağandır.

Maddə 3. Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi prinsipləri

Azərbaycan Respublikası Prezidenti seçkilərində vətəndaşların iştirakı könüllüdür.

Azərbaycan Respublikası Prezidenti seçkilərində səsvermə gizlidir və vətəndaşlar tərəfindən bilavasitə həyata keçirilir. Vətəndaşların öz iradəsini ifadə etməsi üzərində nəzarətə yol verilmir. Hər vətandaşın bir səsi vardır.

Səsvermə Azərbaycan Respublikası Prezidentliyinə bütün namizədlər üzrə eyni vaxtda keçirilir.

Maddə 4. Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanması və keçirilməsi zamanı aşkarlıq

Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanmasında və keçirilməsində iştirak edən dövlət orqanları və ictimai təşkilatlar açıq və aşkar fəaliyyət göstərirlər.

Azərbaycan Respublikası vətəndaşların yığıncaqlarında, mitinqlərində, toplanışlarında, kütləvi informasiya vasitələrində siyasi partiyaların, həmkarlar ittifaqlarının, digər ictimai birliklərin və kütləvi hərəkatların, əmək kollektivlərinin və Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikası Prezidentliyinə hər bir namizədin lehinə və ya əleyhinə təşviqat aparmaq hüququna təminat verir.

Səsvermə günü təşviqat aparmaq qadağandır.

Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanmasına və keçirilməsinə dair Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin və Azərbaycan Respublikası Prezidenti seçkiləri üzrə Mərkəzi seçki komissiyasının bütün qərarları, bu Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş hallardan başqa, qəbul edildiyi andan yeddi gün ərzində mətbuatda dərc edilməli, radio və televiziya ilə verilməlidir.

Seçki komissiyaları öz tərkibləri, seçki məntəqələrinin yeri və iş vaxtı, seçici siyahıları haqqında əhaliyə vaxtında məlumat verirlər.

Seçki komissiyalarının iclaslarında, səsvermə zamanı, seçki məntəqələrində səslər hesablanarkən, habelə səsvermənin nəticələri müəyyən edilərkən Azərbaycan Respublikası xalq deputatlarının, siyasi birliklərin, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, kütləvi hərəkatların, əmək kollektivlərinin, yaşayış yerində vətəndaşların yığıncaqlarının, habelə kütləvi informasiya vasitələrinin nümayəndələrinin orada olmaq ixtiyarı vardır.

Nümayəndələrdə onları göndərmiş təşkilatların yığıncaqlarının protokollarından təsdiq edilmiş çıxarış və ya onların səlahiyyətini təsdiq edən digər sənəd olmalıdır. Göstərilən nümayəndələrin iştirak etməsi ehtimalı haqqında komissiyalara qabaqcadan məlumat verilməsi tələb olunmur. Seçki komissiyalarının fəaliyyətinə qeyri-hüquqi surətdə qarışmağa yol verilmir.

Maddə 5. Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsinin maddi təminatı

Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanması və keçirilməsi ilə bağlı xərclər Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Dövlət orqanları, müəssisələri, idarələri, təşkilatları və onların birlikləri seçkilərin hazırlanması və keçirilməsi üçün lazım olan otaqları və avadanlığı seçki komissiyalarının sərəncamına pulsuz verirlər. Seçki komissiyalarının işi üçün qeyri-dövlət müəssisələrinin və təşkilatlarının otaqlarının və avadanlığının kirayə haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına ödənilir.

SSRİ-nin və Azərbaycan Respublikasının dövlət büdcələrinin, eləcə də yerli büdcələrin vəsaitindən namizədliklər irəli sürülməsini təmin etmək üçün istifadə oluna bilməz.

Azərbaycan Respublikası Prezidentliyinə namizədlərin irəli sürülməsi ilə əlaqədar xərclər əmək kollektivlərinin, ictimai birliklərin və kütləvi hərəkatların hesabına ödənilir.

2-ci Fəsil. Azərbaycan Respublikası Prezidenti seçkilərinin təşkili və keçirilməsi

Maddə 6. Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin edilməsi

Azərbaycan Respublikası Prezidenti seçkilərini Azərbaycan Respublikasının Ali Soveti təyin edir.

Azərbaycan Respublikası Prezidenti seçkilərinin təşkilinə dair qərarlar Azərbaycan Respublikasının Ali Sovetinin Rəyasət Heyəti tərəfindən qəbul edilir.

Maddə 7. Azərbaycan Respublikası Prezidentliyinə namizədlər

Müəssisələrin, idarələrin, təşkilatların əmək kollektivləri, orta ixtisas və ali tədris müəssisələrinin kollektivləri, yaşayış yerində vətəndaşların yığıncaqları, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə qeydə alınmış siyasi partiyalar, həmkarlar ittifaqları və kütləvi ictimai hərəkatlar, habelə qeydə alınmış Ümumittifaq siyasi partiyalarının, həmkarlar ittifaqlarının və kütləvi ictimai hərəkatların respublika orqanları «Azərbaycan Respublikası xalq deputatları seçkiləri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq qaydada Azərbaycan Respublikası Prezidentliyinə bilavasitə namizədlər göstərmək hüququna malikdirlər, bu şərtlə ki, göstərilən namizəd Azərbaycan Respublikasının seçki hüququna malik olan azı iyirmi min vətəndaşı tərəfindən müdafiə edilsin. Göstərilən namizədi müdafiə üçün vətəndaşların imzaları Azərbaycan Respublikası Prezidenti seçkiləri üzrə Mərkəzi seçki komissiyasının müəyyən etdiyi müddətlərdə «Azərbaycan Respublikasının ümumxalq səsverməsi (referendumu) haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq surətdə toplanır.

Namizədlər göstərmək təşəbbüsü ilə dövlət orqanları və ictimai orqanlar, müəssisələrin, idarələrin və təşkilatların kollektivləri, habelə Azərbaycan Respublikasının ayrı-ayrı vətəndaşları çıxış edə bilər. Bu halda təşəbbüs Azərbaycan Respublikası Prezidentliyinə namizədlər göstərmək hüququna malik olan orqanlar və təşkilatlar vasitəsilə həyata keçirilir.

Namizədliklər siyasi partiyaların, həmkarlar ittifaqlarının və ya kütləvi ictimai hərəkatların qurultaylarında (konfranslarında), yaxud onların respublika orqanlarının plenumlarında onların nizamnamələrinə (əsasnamələrinə) və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq surətdə irəli sürülür.

Azərbaycan Respublikası Prezidentliyinə namizədlər göstərmək hüququna malik olan hər bir müəssisənin, idarənin və ya təşkilatın əmək kollektivi, orta ixtisas və ali tədris müəssisəsinin kollektivi, hər bir siyasi partiya, həmkarlar ittifaqı, kütləvi ictimai hərəkat, yaşayış yerində vətəndaşların hər bir yığıncağı Azərbaycan Respublikası Prezidentliyinə bir namizəd göstərə bilər. Azərbaycan Respublikası Prezidentliyinə namizədlərin bu qayda pozulmaqla göstərilməsi etibarsız hesab edilir.

Azərbaycan Respublikası Prezidentliyinə namizədlərin göstərilməsi seçkilərə altmış gün qalmış başlanır və qırx beş gün qalmış başa çatır.

Azərbaycan Respublikası Prezidentliyinə namizədlərin sayı məhdudlaşdırılmır.

Azərbaycan Respublikası Prezidenti seçkiləri üzrə gizli səsvermə bülleteninə bu Qanunda nəzərdə tutulan qaydada göstərilmiş və qeydə alınmış namizədlər daxil edilir.

Azərbaycan Respublikası Prezidentliyinə heç bir namizəd göstərilməmişdirsə, yaxud göstərilən namizədlərin hamısı öz namizədliyini geri götürmüşdürsə, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Respublikası Prezidenti seçkilərinə ən geci otuz gün qalmış Azərbaycan Respublikası xalq deputatlarının ümumi sayının azı yarısı tərəfindən müdafiə edilən şəxsləri Azərbaycan Respublikası Prezidentliyinə namizəd göstərir.

Maddə 8. Azərbaycan Respublikası Prezidentliyinə namizədlərin qeydə alınması

Azərbaycan Respublikası Prezidentliyinə namizəd göstərilənləri Azərbaycan Respublikası Prezidenti seçkiləri üzrə Mərkəzi seçki komissiyası namizəd göstərilməsi haqqında sənədlərin və səsə qoyulmağa onun yazılı razılığının daxil olduğu andan etibarən beş gün ərzində, lakin Azərbaycan Respublikası Prezidenti seçkilərinə ən geci qırx gün qalmış qeydə alır.

Azərbaycan Respublikası Prezidentliyinə namizədləri qeydə almaq haqqında qərar aşağıdakı sənədlər olduqda qəbul edilir:

    • müəssisənin, idarənin, təşkilatın əmək kollektivinin, tədris müəssisəsi kollektivinin yığıncağının, yaşayış yerində vətəndaşların yığıncağının, siyasi partiyanın, həmkarlar ittifaqının və kütləvi ictimai hərəkatın ali orqanının (qurultayının, konfransının, plenumunun) iclasının Azərbaycan Respublikası xalq deputatları seçkiləri haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq surətdə rəsmiləşdirilmiş protokolu;
    • seçki hüququ olan Azərbaycan Respublikası vətəndaşlarının imzalarının toplanması nəticələri haqqında təsdiq edilmiş protokol;
    • Azərbaycan Respublikası Prezidentliyinə namizəd haqqında bioqrafiya məlumatı;
    • Azərbaycan Respublikası Prezidentliyinə namizədin Mərkəzi seçki komissiyası tərəfindən qeydə alınmağa razılıq verməsi haqqında ərizəsi.

Azərbaycan Respublikası Prezidentliyinə namizəd, habelə onun vəkilləri Azərbaycan Respublikası Prezidenti seçkiləri üzrə seçki komissiyalarının heç birinin tərkibinə daxil ola bilməzlər. Əgər seçki komissiyalarından birinin üzvü Azərbaycan Respublikası Prezidentliyinə namizəd, yaxud namizədin vəkili göstərilmişdirsə o, namizəd, yaxud vəkil kimi qeydə alındığı andan komissiya üzvü vəzifələrindən azad edilmiş hesab olunur.

Mərkəzi seçki komissiyası qeydiyyatdan sonra iki gün ərzində Azərbaycan Respublikası Prezidentliyinə namizədlərə müvafiq vəsiqə verir.

Azərbaycan Respublikası Prezidentliyinə namizədi qeydə almaqdan Mərkəzi seçki komissiyasının imtina etməsindən əmək kollektivləri və ictimai birliklər (siyasi partiyalar, həmkarlar ittifaqları, kütləvi ictimai birliklər) Azərbaycan Respublikasının Ali Məhkəməsinə şikayət verə bilərlər. Azərbaycan Respublikasının Ali Məhkəməsi şikayətə yeddi gün müddətində baxır və onun qərarı qəti olur.

Maddə 9. Azərbaycan Respublikası Prezidentliyinə namizədlərin fəaliyyəti üçün təminatlar

Azərbaycan Respublikası Prezidentliyinə namizədlər qeydə alındıqları andan etibarən bərabər əsaslarla seçkiqabağı kampaniyada iştirak edirlər.

Azərbaycan Respublikası Prezidentliyinə namizədin seçkiqabağı kampaniyasının maliyyələşdirilməsi üçün Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Prezidenti seçkiləri üzrə Mərkəzi seçki komissiyasının ayırdığı vəsaitdən savayı, başqa vəsaitdən istifadə edilməsi qadağandır.

Namizədlərin öz baxışlarını və proqramlarını açıq şərh etmək, o cümlədən kütləvi informasiya vasitələrində şərh etmək hüququ vardır.

Azərbaycan Respublikası Prezidentliyinə namizədlər seçkiqabağı kampaniyanın keçirildiyi dövrdə seçkilərin keçirilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılan vəsait hesabına iş yerində orta əmək haqqı saxlanılmaqla istehsalat və ya xidmət vəzifələrini yerinə yetirməkdən azad edilə bilərlər.

Azərbaycan Respublikası Prezidentliyinə namizəd Azərbaycan Respublikasının ərazi hüdudlarında şəhər və şəhərlərarası sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) pulsuz istifadə etmək hüququna malikdir.

Azərbaycan Respublikası Prezidentliyinə namizədlərin və onların vəkillərinin razılığı olmadan onlar işdən azad edilə bilməz, habelə başqa işə və ya vəzifəyə keçirilə bilməzlər.

Azərbaycan Respublikası Prezidentliyinə namizəd Azərbaycan Respublikası Prezidenti seçkiləri üzrə Mərkəzi seçki komissiyasının razılığı olmadan cinayət məsuliyyətinə cəlb edilə bilməz, həbsə alına bilməz və ya məhkəmə qaydasında verilən inzibati tənbehə məruz qoyula bilməz.

Azərbaycan Respublikası Prezidentliyinə namizəd seçkilərədək istənilən vaxt Azərbaycan Respublikası Prezidenti seçkiləri üzrə Mərkəzi seçki komissiyasına yazılı ərizə ilə müraciət edərək öz namizədliyini geri götürə bilər.

Maddə 10. Azərbaycan Respublikası Prezidentliyinə namizədin vəkilləri

Azərbaycan Respublikası Prezidentliyinə namizədin iyirmi nəfərədək vəkili ola bilər; vəkillər seçki kampaniyasını keçirməkdə ona kömək göstərir, onun Azərbaycan Respublikası Prezidenti seçilməsi lehinə təşviqat aparır, dövlət orqanları və ictimai orqanlar, seçki komissiyaları ilə münasibətlərdə onun mənafeyini təmsil edirlər. Azərbaycan Respublikası Prezidentliyinə namizədin təqdimatı üzrə onun vəkilləri Azərbaycan Respublikası Prezidenti seçkiləri üzrə Mərkəzi seçki komissiyası tərəfindən qeydə alınırlar.

Azərbaycan Respublikası Prezidentliyinə namizədin vəkilləri seçkiqabağı kampaniyanın keçirildiyi dövrdə seçkilərin keçirilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılan vəsait hesabına iş yerində orta əmək haqqı saxlanılmaqla istehsalat və ya xidmət vəzifələrini yerinə yetirməkdən azad edilə bilərlər.

Azərbaycan Respublikası Prezidentliyinə namizədin vəkilləri Azərbaycan Respublikası xalq deputatlığına namizədin vəkilləri üçün Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş hüquqlardan istifadə edirlər.

Maddə 11. Azərbaycan Respublikası Prezidenti seçkilərinin təşkili

Azərbaycan Respublikası Prezidenti seçkiləri Azərbaycan Respublikası Prezidenti seçkiləri üzrə Mərkəzi seçki komissiyası tərəfindən rayonların, şəhərdə rayonların və rayon bölgüsü olmayan şəhərlərin sərhədləri daxilində təşkil edilən seçki dairələri üzrə keçirilir.

Səsvermənin keçirilməsi üçün «Azərbaycan Respublikası xalq deputatları seçkiləri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq surətdə Mərkəzi seçki komissiyası tərəfindən müəyyən edilən qaydada və normalar üzrə seçki məntəqələri təşkil edilir.

Maddə 12. Azərbaycan Respublikası Prezidenti seçkiləri üzrə seçki komissiyaları

Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanması və keçirilməsi üçün aşağıdakı seçki komissiyaları yaradılır:

    • Azərbaycan Respublikası Prezidenti seçkiləri üzrə Mərkəzi seçki komissiyası;
    • Azərbaycan Respublikası Prezidenti seçkiləri üzrə dairə seçki komissiyaları;
    • Azərbaycan Respublikası Prezidenti seçkiləri üzrə məntəqə seçki komissiyaları.

Azərbaycan Respublikası Prezidenti seçkiləri üzrə Mərkəzi seçki komissiyasının səlahiyyətləri, dairə və məntəqə seçki komissiyalarının səlahiyyətləri və yaradılması qaydası «Azərbaycan Respublikası xalq deputatları seçkiləri haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına müvafiq surətdə müəyyən edilir.

Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq, seçici siyahılarının tərtibi, əhaliyə məlumat verilməsi, səsvermənin təşkili və keçirilməsi, bu Qanuna əməl edilməsinə nəzarət sahəsində seçki komissiyalarının fəaliyyəti Azərbaycan Respublikasının ümumxalq səsverməsi (referendumu) haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq surətdə təşkil edilir.

Maddə 13. Seçki bülleteni

Azərbaycan Respublikası Prezidenti seçkiləri üzrə seçki bülleteninin forması və mətni Azərbaycan Respublikası Prezidenti seçkiləri üzrə Mərkəzi seçki komissiyası tərəfindən təsdiq edilir. Bu Qanunun 7-ci maddəsinin 7-ci hissəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentliyinə namizədlər əlifba sırası ilə bülletenə daxil edilir, burada onların familiyası, adı, atasının adı, anadan olduğu il, tutduğu vəzifə (məşğuliyyət növü) və iş yeri göstərilir.

3-cü Fəsil. Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları

Maddə 14. Azərbaycan Respublikası Prezidenti seçkiləri üzrə səsverməyə yekun vurulması

Səsvermə başa çatdıqdan sonra məntəqə seçki komissiyaları məntəqələr üzrə və onların məlumatları əsasında dairə seçki komissiyaları səsləri Azərbaycan Respublikasının ümumxalq səsverməsi (referendumu) haqqında Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada hesablayırlar, bu barədə müvafiq komissiyaların bütün üzvləri tərəfindən imzalanan protokollar tərtib edilir.

Seçki komissiyalarının protokollarında aşağıdakı məlumatlar göstərilir:

    • Azərbaycan Respublikası Prezidenti seçkiləri üzrə seçici siyahılarına daxil edilmiş vətəndaşların sayı;
    • Azərbaycan Respublikası Prezidenti seçkiləri üzrə səsvermədə iştirak etmiş vətəndaşların sayı;
    • Azərbaycan Respublikası Prezidentliyinə hər namizədin lehinə verilmiş səslərin sayı;
    • Azərbaycan Respublikası Prezidentliyinə hər namizədin əleyhinə verilmiş səslərin sayı;
    • Azərbaycan Respublikası Prezidentliyinə bütün namizədlərin əleyhinə verilmiş bülletenlərin sayı;
    • etibarsız sayılmış bülletenlərin sayı.

Azərbaycan Respublikası Prezidentliyinə bir nəfərdən çox namizədin familiyalarının saxlandığı bülletenlər, habelə müəyyən edilmiş nümunədə olmayan bülletenlər etibarsız sayılır.

Azərbaycan Respublikası Prezidenti seçkiləri üzrə dairə seçki komissiyaları seçki günündən sonra üç gün müddətində öz dairələri üzrə səsvermənin yekunlarını əks etdirən protokolları Azərbaycan Respublikası Prezidenti seçkiləri üzrə Mərkəzi seçki komissiyasına verirlər.

Maddə 15. Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarının müəyyən edilməsi və dərc olunması

Azərbaycan Respublikası Prezidenti seçkiləri üzrə Mərkəzi seçki komissiyası seçkilər günündən sonra ən geci on gün ərzində dairə seçki komissiyalarının protokolları əsasında aşağıdakı məlumatları müəyyənləşdirir və protokola daxil edir:

    • seçici siyahılarına daxil edilmiş Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı;
    • səsvermədə iştirak etmiş seçicilərin sayı:
    • Azərbaycan Respublikası Prezidentliyinə namizədlərin hər birinin lehinə və əleyhinə verilmiş səslərin sayı;
    • Azərbaycan Respublikası Prezidentliyinə bütün namizədlərin əleyhinə verilmiş bülletenlərin sayı;
    • etibarsız sayılmış bülletenlərin sayı.

Seçkilərdə səsvermədə iştirak etmiş seçicilərin səslərinin yarısından çoxunu toplamış Azərbaycan Respublikası Prezidentliyinə namizəd seçilmiş hesab olunur.

Səsvermədə seçici siyahılarına daxil edilmiş seçicilərin yarısından azı iştirak etdikdə, habelə seçki bülleteninə yalnız bir namizədin daxil edildiyi halda Azərbaycan Respublikası Prezidentliyinə namizəd sıradan çıxdıqda seçkilər keçirilməmiş sayılır.

Seçkilərin gedişində və ya səslər hesablanarkən səsvermənin yekunlarına təsir göstərmiş pozuntulara yol verilmişdirsə, Azərbaycan Respublikası Prezidenti seçkiləri üzrə Mərkəzi seçki komissiyasının qərarı ilə Azərbaycan Respublikası Prezidenti seçkiləri etibarsız sayılır. Azərbaycan Respublikası Prezidentliyinə namizəd seçkilərin etibarsız sayılması haqqında qərardan Azərbaycan Respublikasının Ali Məhkəməsinə bir ay ərzində şikayət verə bilər.

Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumat seçkilərin yekunlarına dair protokolun imzalandığı andan etibarən üç gün ərzində Azərbaycan Respublikası Prezidenti seçkiləri üzrə Mərkəzi seçki komissiyası tərəfindən dərc edilir.

Maddə 16. Təkrar səsvermə

Namizədlərin heç biri tələb edilən sayda səs toplamamışdırsa, onda daha çox seçicinin səsini toplamış iki namizədin iştirakı ilə təkrar səsvermə keçirilir. Azərbaycan Respublikası Prezidenti seçkiləri üzrə Mərkəzi seçki komissiyası seçkilərin keçirildiyi gündən etibarən bir ay ərzində, lakin seçkilərin keçirildiyi gündən ən tezi on beş gün sonra təkrar səsvermə gününü təyin edir. Təkrar səsvermənin keçirilməsi haqqında məlumat mətbuatda dərc edilir.

Təkrar səsvermə zamanı səsvermədə iştirak etmiş seçicilərin digər namizədə nisbətən daha çoxunun səsini toplamış namizəd seçilmiş sayılır, bu şərtlə ki, namizədin lehinə verilmiş səslərin sayı onun əleyhinə verilmiş səslərin sayından çox olsun, seçici siyahılarına daxil edilmiş vətəndaşların azı əlli faizi seçkilərdə iştirak etsin.

Maddə 17. Təkrar seçkilər

Azərbaycan Respublikası Prezidenti seçkiləri keçirilməmiş və ya etibarsız hesab edildikdə, yaxud Azərbaycan Respublikası Prezidentliyinə namizədlərin heç biri təkrar səsvermə nəticəsində seçicilərin tələb edilən sayda səsini toplamadıqda Azərbaycan Respublikası Prezidenti seçkiləri üzrə Mərkəzi seçki komissiyasının təqdimatı üzrə Azərbaycan Respublikasının Ali Soveti təkrar seçkilər təyin edir. Bu zaman o, seçkiləri yeni tərkibli dairə və məntəqə seçki komissiyaları tərəfindən keçirməyin zəruriliyi barədə qərar qəbul edə bilər. Səsvermə eyni seçki məntəqələrində və əsas seçkilərin keçirilməsi üçün tərtib edilmiş seçici siyahıları üzrə keçirilir.

Komissiyaların təşkili, Azərbaycan Respublikası Prezidentliyinə namizədlərin göstərilməsi və qeydə alınması, Azərbaycan Respublikası Prezidentinin təkrar seçkilərinin keçirilməsi ilə əlaqədar digər tədbirlər bu Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir.

Təkrar seçkilərin keçiriləcəyi haqqında məlumat mətbuatda dərc edilir.

Təkrar seçkilər əsas seçkilərdən sonra iki ay ərzində keçirilir.

Maddə 18. Azərbaycan Respublikası Prezidentliyinə namizədin Azərbaycan Respublikası Prezidenti vəzifəsinə başlaması

Seçkilərdə qalib gəlmiş Azərbaycan Respublikası Prezidentliyinə namizəd Azərbaycan Respublikası Prezidenti seçkiləri üzrə Mərkəzi seçki komissiyası tərəfindən seçkilərin nəticələrinin rəsmən elan olunduğu gündən Azərbaycan Respublikası Prezidenti vəzifəsinə başlamış hesab edilir.

Azərbaycan Respublikasının Prezidenti

A. MÜTƏLLİBOV

Bakı şəhəri, 26 iyun 1991-ci il

№ 143-XII

«Həyat» qəzetində dərc edilmişdir (28 iyun 1991-ci il, № 122) ( «LegalActs» LLC).

«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (31 iyul 1991-ci il, № 14 (843), maddə 229) («LegalActs» LLC).

© LegalActs LLC