Hədəfli maliyyə sanksiyaları haqqında
Azərbaycan Respublikasının Qanunu
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 20-ci bəndlərinə uyğun olaraq, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə uyğun olaraq terrorçuluğun, terrorçuluğun maliyyələşdirilməsinin, kütləvi qırğın silahlarının yayılmasının və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə hədəfli maliyyə sanksiyalarının tətbiqinin hüquqi əsasını və qaydasını müəyyən edir.
1-ci fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.1. Bu Qanunun məqsədləri üçün istifadə olunmuş anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumlar – terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən barələrində sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumlardır;
1.1.2. hədəfli maliyyə sanksiyaları – sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların birbaşa və ya dolayı yolla aktivlərdən faydalanmasının qarşısının alınmasına yönələn qadağalar və ya həmin fiziki şəxslərin və qurumların aktivlərinin dondurulması tədbirləridir;
1.1.3. kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsi – nüvə, kimyəvi, bakterioloji (bioloji) və toksin silahların, eləcə də onların daşıyıcı vasitələrinin (müxtəlif mənzilli ballistik və qanadlı raket başlıqları, uzaqdan idarəolunan döyüş sistemləri) və əlaqəli materialların (qeyri-qanuni məqsədlər üçün istifadə olunan texnologiyalar və ikili təyinatlı mallar da daxil olmaqla) Azərbaycan Respublikasının qanunvericiliyinə və üzərinə götürdüyü beynəlxalq öhdəliklərə zidd olaraq istehsalı, əldə edilməsi, inkişaf etdirilməsi və təkmilləşdirilməsi, idxalı, ixracı, tranzit daşınması, ötürülməsi, toplanması və ya istifadəsi, eləcə də bu silahlara sahiblik və ya onların beynəlxalq daşınmasında vasitəçilik (broker) fəaliyyətləri məqsədilə bütövlükdə və ya qismən istifadə olunan aktivlərin toplanılması və ya verilməsi, habelə maliyyə xidmətlərinin təmin edilməsidir;
1.1.4. qurumlar – hüquqi şəxslər, qruplar, hüquqi şəxs olmayan təşkilatlar və müəssisələr, dövlət və ya qeyri-dövlət orqanlarıdır (qurumlarıdır);
1.1.5. aktivlər – əldə edilmə üsulundan asılı olmayaraq istənilən növ maddi və qeyri-maddi əmlak nemətləri (maliyyə aktivləri, iqtisadi resurslar (neft və digər təbii ehtiyatlar da daxil olmaqla), daşınar və ya daşınmaz əmlak, poçt göndərişləri, bank kreditləri, akkreditivlər, yol çekləri, bank çekləri, istiqrazlar, veksellər, səhmlər və digər qiymətli kağızlar, virtual aktivlər, habelə belə əmlak nemətlərinin əldə edilməsindən yaranan faizlər, dividendlər və ya digər gəlirlər, eləcə də bu əmlak nemətləri üzərində hüquqlarını təsdiq edən, elektron (rəqəmsal) da daxil olmaqla istənilən növ hüquqi sənədlər, həmçinin bu əmlak nemətlərinin əldə edilməsi üçün istifadə edilə bilən istənilən növ digər aktivlərdir;
1.1.6. aktivlərin dondurulması – bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan aktivlərin köçürülməsinin, konversiyasının, hərəkətinin, habelə həmin aktivlərə sərəncam verilməsinin və ya onlarla hər hansı formada maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata keçirilməsinin qadağan edilməsidir;
1.1.7. beynəlxalq siyahılar – Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının terrorçuluğun və terrorçuluğun maliyyələşdirilməsinin, habelə kütləvi qırğın silahlarının yayılmasının və yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə yaradılmış sanksiya komitələri tərəfindən sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların daxil edildiyi siyahılardır;
1.1.8. ölkədaxili siyahı – terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların Azərbaycan Respublikası məhkəmələrinin qərarları əsasında daxil edildiyi siyahıdır;
1.1.9. hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatı – hədəfli maliyyə sanksiyalarının tətbiqi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılan və idarə olunan internet informasiya ehtiyatıdır;
1.1.10. iqtisadi resurslar – aktivlərin, əmtəə və ya xidmətlərin əldə edilməsinə imkan verən bütün növ əmlak, faktiki və ya potensial təbii resurslar, habelə enerji resursları, həmçinin heyvan və bitkilərdir;
1.1.11. təxirəsalınmadan - bu Qanunda nəzərdə tutulan hərəkətlərin dərhal və ya bir neçə saat ərzində həyata keçirilməsidir.
Maddə 2. Hədəfli maliyyə sanksiyaları haqqında qanunvericilik
Hədəfli maliyyə sanksiyaları haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
2-ci fəsil
HƏDƏFLİ MALİYYƏ SANKSİYALARI VƏ ONLARIN TƏTBİQİ QAYDASI
Maddə 3. Hədəfli maliyyə sanksiyaları
3.1. Hədəfli maliyyə sanksiyaları cinayət mühakimə icraatı çərçivəsində tətbiq edilən tədbirləri əvəzləmədən, önləyici xarakter daşıyaraq, terrorçuluğun, terrorçuluğun maliyyələşdirilməsinin, kütləvi qırğın silahlarının yayılmasının və yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə aşağıdakı tədbirləri nəzərdə tutur:
3.1.1. aktivlərin təxirəsalınmadan dondurulması;
3.1.2. sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların aktivlər, iqtisadi resurslar və ya maliyyə və digər əlaqəli xidmətlərlə təmin edilməsinin qadağan edilməsi.
3.2. Aktivlər aktivlərin dondurulması ilə bağlı tədbirlərin həyata keçirildiyi vaxt həmin aktivlərdə payı olan fiziki şəxslərin və ya qurumların mülkiyyətində saxlanılır. Həmin aktivlər üçüncü tərəflərin idarəçiliyində saxlanıla, yaxud həmin şəxslər tərəfindən aktivlər dondurulanadək tətbiq edilmiş digər hüquqi mexanizmlər vasitəsilə, habelə normativ hüquqi aktlarla müəyyən edilmiş digər qaydalara uyğun olaraq idarə edilə bilər.
Maddə 4. Hədəfli maliyyə sanksiyalarının tətbiq edildiyi aktivlər
4.1. Terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi fəaliyyəti ilə bilavasitə əlaqəli olub-olmamasından asılı olmayaraq aşağıdakı aktivlər dondurulmalıdır:
4.1.1. sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumların aktivləri;
4.1.2. sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların birbaşa və ya dolayı, təkbaşına və ya başqaları ilə birlikdə mülkiyyətində və ya nəzarətində olan aktivlər, habelə belə aktivlər vasitəsilə əldə edilmiş digər aktivlər;
4.1.3. sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların adından və ya onların tapşırığı ilə fəaliyyət göstərən fiziki şəxslərin və qurumların aktivləri;
4.1.4. sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların birbaşa və ya dolayı, təkbaşına və ya başqaları ilə birlikdə mülkiyyətində və ya nəzarətində olan qurumların aktivləri.
Maddə 5. Hədəfli maliyyə sanksiyalarının tətbiqi qaydası
5.1. Azərbaycan Respublikasının ərazisində bütün fiziki şəxslər və ya qurumlar, o cümlədən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş öhdəlik daşıyan şəxslər (bundan sonra – öhdəlik daşıyan şəxslər), habelə auditor xidməti göstərən şəxslər, dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan aktivləri beynəlxalq və ölkədaxili siyahılar hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatında dərc edildiyi vaxtdan təxirəsalınmadan və həmin maddədə göstərilən şəxslərə xəbərdarlıq etmədən dondurmalı və dərhal bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), habelə maliyyə monitorinqi orqanına həmin internet informasiya ehtiyatı vasitəsilə məlumat verməlidirlər.
5.2. Beynəlxalq siyahılara daxil edilmiş fiziki şəxslərin və qurumların siyahısı Birləşmiş Millətlər Təşkilatı tərəfindən elektron qaydada dərc edildikdən dərhal sonra proqram təminatlarının inteqrasiyası vasitəsilə avtomatik olaraq hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatında yerləşdirilir və yenilənir.
5.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) terrorçuluğun və terrorçuluğun maliyyələşdirilməsinin, kütləvi qırğın silahlarının yayılmasının və yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş və sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumları müəyyən edən qətnamələrin siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müraciəti əsasında təsdiq edir.
5.4. Bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulmuş aktivlər sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumlar müvafiq siyahıda olduğu müddətdə dondurulmuş saxlanılmalı və yalnız onlar siyahıdan çıxarıldıqdan sonra təxirəsalınmadan azad edilməlidir.
5.5. Sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların, eləcə də həmin fiziki şəxslərin və qurumların birbaşa və ya dolayı, təkbaşına və ya başqaları ilə birlikdə mülkiyyətində və ya nəzarətində olan qurumların, habelə həmin fiziki şəxslərin və qurumların adından və ya onların tapşırığı ilə fəaliyyət göstərən fiziki şəxslərin və qurumların Azərbaycan Respublikasının ərazisində fiziki şəxslər və ya qurumlar tərəfindən aktivlərlə, iqtisadi resurslarla, maliyyə və ya digər əlaqəli xidmətlərlə birbaşa və ya dolayı yolla, təkbaşına və ya başqaları ilə birlikdə təmin edilməsi qadağandır.
5.6. Aktivləri səhvən dondurulmuş fiziki şəxslərin və qurumların aktivləri həmin fiziki şəxslərin və qurumların hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatı vasitəsilə edilən müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq uyğunsuzluq təsdiq edildikdən sonra təxirəsalınmadan azad edilməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin müraciətə dərhal baxmalıdır.
5.7. Aktivlərin dondurulması tədbirlərinin tətbiqi nəticəsində hüquqları pozulmuş fiziki şəxslər və ya qurumlar öz hüquqlarının müdafiəsi və onlara dəymiş zərərin ödənilməsi məqsədilə məhkəməyə müraciət edə bilərlər.
5.8. Bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin və qurumların dondurulmuş aktivlərdən zəruri və gözlənilməz xərclərə ehtiyacının ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 6. Sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların beynəlxalq siyahılara daxil edilməzdən əvvəl bağladıqları əqdlər və ya yaranmış öhdəliklər
6.1. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının kütləvi qırğın silahlarının yayılmasının və yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə yaradılmış sanksiya komitələri tərəfindən beynəlxalq siyahılara daxil edilmiş fiziki şəxslərin və qurumların dondurulmuş hesablarına həmin hesablar üzrə faiz və ya digər gəlirlərin əlavə edilməsinə, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinin müddəalarının tətbiq edilməsindən əvvəlki dövrə aid əqdlər, razılaşmalar və ya öhdəliklər üzrə yaranmış ödəmələrin bu hesablara əlavə edilməsinə məhdudiyyət qoyulmur. Belə faizlər, digər gəlirlər, yaxud ödəmələr hesablara əlavə edildikdən sonra onlara da qeyd edilən qətnamələrin müddəaları tətbiq olunur və onlar dondurulur.
6.2. Dondurulmuş aktivlərə münasibətdə öhdəliklər sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların beynəlxalq siyahılara daxil edilməzdən əvvəl bağladıqları əqdlər çərçivəsində icra edilməlidirsə, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının kütləvi qırğın silahlarının yayılmasının və yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə yaradılmış sanksiya komitələri tərəfindən müvafiq qətnamələrlə müəyyən edilmiş istisnalar nəzərə alınmaqla sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumlar həmin öhdəlikləri icra etmək hüququna malikdirlər. Hər bir halda belə əqdlərin nəticəsi olaraq əldə edilmiş faizlərə, digər gəlirlərə və ödəmələrə bu Qanunun 6.1-ci maddəsinin tələbləri tətbiq edilməlidir.
3-cü fəsil
ÖLKƏDAXİLİ SİYAHININ FORMALAŞDIRILMASI QAYDASI
Maddə 7. Fiziki şəxslərin və qurumların ölkədaxili siyahıya daxil edilməsi
7.1. Aşağıdakı fiziki şəxslər və qurumlar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdimatına əsasən məhkəmənin qərarı ilə ölkədaxili siyahıya daxil edilirlər:
7.1.1. terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi əməllərinin törədilməsi, yaxud belə əməllərin törədilməsində hər hansı şəkildə iştirak etməsi və ya kömək göstərməsi, habelə həmin əməllərin törədilməsinə cəhd göstərməsi, terrorçu olması, terrorçu qrupun (dəstənin, təşkilatın) yaradılmasında və ya fəaliyyətində hər hansı formada iştirak etməsi ilə bağlı əsaslı şübhələr olan fiziki şəxslər və qurumlar;
7.1.2. bu Qanunun 7.1.1-ci maddəsində göstərilən fiziki şəxslərin və qurumların birbaşa və ya dolayı, təkbaşına və ya başqaları ilə birlikdə mülkiyyətində və ya nəzarətində olan qurumlar;
7.1.3. bu Qanunun 7.1.1-ci maddəsində göstərilən fiziki şəxslərin və qurumların adından, yaxud onların tapşırığı ilə fəaliyyət göstərən fiziki şəxslər və qurumlar.
7.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və qurumların ölkədaxili siyahıya daxil edilməsinə dair təqdimatı Azərbaycan Respublikası Baş Prokurorluğunun, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş nəzarət orqanlarının (bundan sonra – nəzarət orqanlarının), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanların (qurumların) və ya maliyyə monitorinqi orqanının əsaslandırılmış müraciəti, həmçinin xarici dövlətin səlahiyyətli orqanının sorğusu əsasında, habelə öz təşəbbüsü ilə verir. Təqdimata müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
7.3. Ölkədaxili siyahıya daxil edilmiş fiziki şəxs və ya qurum hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatı vasitəsilə ölkədaxili siyahıya daxil edilməsinin səbəbini öyrənmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edə bilər.
7.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ölkədaxili siyahıya daxil edilmiş fiziki şəxsin vətəndaşı olduğu, daimi qeydiyyatda olduğu və ya yaşadığı və ya qurumun təsis edildiyi, idarə edildiyi və ya fəaliyyət göstərdiyi dövlətin aidiyyəti qurumlarına həmin fiziki şəxsin və ya qurumun mənsub olduğu dövlətin sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların siyahısına əlavə edilməsi üçün sorğu göndərir. Sorğuda fiziki şəxsin və ya qurumun bu Qanunun 7.1.1–7.1.3-cü maddələrində nəzərdə tutulmuş meyarlara uyğun gəldiyini göstərən məlumatlar və onların ətraflı eyniləşdirmə məlumatları qeyd olunur.
Maddə 8. Xarici dövlətin səlahiyyətli orqanının fiziki şəxslərin və ya qurumların ölkədaxili siyahıya daxil edilməsi ilə bağlı sorğusu
8.1. Xarici dövlətin səlahiyyətli orqanı fiziki şəxslərin və ya qurumların ölkədaxili siyahıya daxil edilməsi üçün sorğunu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) birbaşa, yaxud “Cinayət işlərinə dair hüquqi yardım haqqında” Azərbaycan Respublikasının Qanunu və ya bu sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə müəyyən edilmiş qaydada təqdim edir.
8.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) xarici dövlətin səlahiyyətli orqanının sorğusunun Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən bu Qanunun 8.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab verib-verməməsini araşdırır və tələblərə riayət olunmadıqda əlavə məlumatların və sənədlərin təqdim edilməsinə dair müraciət edir.
8.3. Xarici dövlətin səlahiyyətli orqanının sorğusuna ölkədaxili siyahıya daxil edilmənin zəruriliyini əsaslandıran sənədlər əlavə edilməli və sorğuda aşağıdakılar qeyd olunmalıdır:
8.3.1. Azərbaycan Respublikasının sorğu edilən səlahiyyətli orqanının (qurumunun) adı;
8.3.2. xarici dövlətin sorğu edən səlahiyyətli orqanının adı;
8.3.3. ölkədaxili siyahıya daxil edilmə üçün əsas hesab edilən törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlar, xarici dövlətin müvafiq cinayət qanununun mətni;
8.3.4. ölkədaxili siyahıya daxil edilməsi sorğu edilən fiziki şəxsin və ya qurumun bu Qanunun 7.1.1-7.1.3-cü maddələrində nəzərdə tutulmuş meyarlara uyğun gəldiyini göstərən məlumatlar;
8.3.5. ölkədaxili siyahıya daxil edilməsi sorğu edilən fiziki şəxsə və ya quruma dair ətraflı eyniləşdirmə məlumatları;
8.3.6. ölkədaxili siyahıya daxil edilməsi sorğu edilən fiziki şəxsin və ya qurumun Azərbaycan Respublikası ilə əlaqəsinə dair məlumatlar;
8.3.7. ölkədaxili siyahıya daxil edilmənin zəruriliyinin əsaslandırılması;
8.3.8. fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıya daxil edilməsi ilə hansı nəticənin əldə olunacağı və həmin nəticənin digər üsul və vasitələrlə əldə edilməsinin hansı səbəbdən mümkün olmadığına dair məlumatlar;
8.3.9. məsələyə dair qanuni və əsaslı qərarın qəbul edilməsi üçün sorğu edilən səlahiyyətli orqanın zəruri hesab etdiyi digər məlumatlar.
8.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) xarici dövlətin səlahiyyətli orqanının sorğusuna 15 gün müddətində baxır və sorğuya baxılmanın nəticəsi barədə xarici dövlətin səlahiyyətli orqanına yazılı formada məlumat verilməsini təmin edir. Əlavə araşdırma tələb edildikdə sorğuya baxılma müddəti uzadıla bilər.
Maddə 9. Fiziki şəxslərin və qurumların ölkədaxili siyahıya daxil edilməsi ilə bağlı məlumatlandırma
9.1. Fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıya daxil edilməsi barədə məhkəmənin qərarı qanuni qüvvəyə mindikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin fiziki şəxsi və ya qurumu təxirəsalınmadan ölkədaxili siyahıya daxil edərək bu barədə məlumatı hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatında yerləşdirir, əlaqə vasitələri məlum olduqda fiziki şəxsləri və qurumları ölkədaxili siyahıya daxil edilmələri barədə məlumatlandırır.
9.2. Hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatında ölkədaxili siyahıya daxil edilmənin əsasları və tətbiq olunacaq tədbirlər, habelə ölkədaxili siyahıdan çıxarılma proseduru barədə məlumat yerləşdirilir.
9.3. Məhkəmə xarici dövlətin vətəndaşı olan, xarici dövlətdə qeydiyyatda olan və ya yaşayan fiziki şəxsin, həmçinin xarici dövlətdə təsis edilən, idarə edilən və ya fəaliyyət göstərən qurumun ölkədaxili siyahıya daxil edilməsi barədə qərar qəbul etdikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin dövlətin aidiyyəti orqanlarına bu barədə yazılı formada məlumat verilməsini təmin edir.
Maddə 10. Fiziki şəxslərin və ya qurumların ölkədaxili siyahıdan çıxarılması
10.1. Ölkədaxili siyahıya daxil edilmə üçün əsaslar aradan qalxdıqda siyahıya daxil edilmiş fiziki şəxs və ya qurum, habelə həmin fiziki şəxsin və ya qurumun siyahıya daxil edilməsi nəticəsində hüquq və qanuni mənafelərinin pozulduğunu iddia edən maraqlı şəxslər, bu Qanunun 10.5-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıdan çıxarılması barədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 529-cu maddəsinə uyğun olaraq məhkəməyə müraciət edə bilər.
10.2. Ölkədaxili siyahıya daxil edilmə üçün əsaslar aradan qalxdıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) öz təşəbbüsü və ya fiziki şəxs və ya qurumun, o cümlədən həmin fiziki şəxsin və ya qurumun siyahıya daxil edilməsi nəticəsində hüquq və qanuni mənafelərinin pozulduğunu iddia edən maraqlı şəxslərin müraciəti əsasında fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıdan çıxarılması barədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 529-cu maddəsinə uyğun olaraq məhkəməyə təqdimat verir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxsin və ya qurumun, o cümlədən həmin fiziki şəxsin və ya qurumun siyahıya daxil edilməsi nəticəsində hüquq və qanuni mənafelərinin pozulduğunu iddia edən maraqlı şəxslərin müraciətinə 15 gün müddətində baxır və müraciət əsaslı hesab olunarsa, fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıdan çıxarılması barədə məhkəməyə təqdimat verir. Əlavə araşdırma tələb edən müraciətlərə 1 ay müddətində baxılır.
10.3. Fiziki şəxs və ya qurum üçüncü dövlətin sorğusuna əsasən ölkədaxili siyahıya daxil edildikdə, sorğu göndərən dövlətin və ya həmin fiziki şəxsin vətəndaşı olduğu, daimi qeydiyyatda olduğu və ya yaşadığı və ya qurumun təsis edildiyi, idarə edildiyi və ya fəaliyyət göstərdiyi dövlətin sorğusu əsasında və ya öz təşəbbüsü ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ölkədaxili siyahıdan çıxarılma barədə təqdimatla məhkəməyə müraciət edə bilər. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sorğuya 15 gün müddətində baxır və sorğuya baxılmanın nəticəsi barədə xarici dövlətin səlahiyyətli orqanına yazılı formada məlumat verilməsini təmin edir. Əlavə araşdırma tələb edildikdə sorğuya baxılma müddəti uzadıla bilər.
10.4. Xarici dövlətin səlahiyyətli orqanının sorğusuna ölkədaxili siyahıdan çıxarılmasının zəruriliyini əsaslandıran sənədlər əlavə edilməli və sorğuda aşağıdakılar qeyd olunmalıdır:
10.4.1. Azərbaycan Respublikasının sorğu edilən səlahiyyətli orqanının (qurumunun) adı;
10.4.2. xarici dövlətin sorğu edən səlahiyyətli orqanının adı;
10.4.3. ölkədaxili siyahıdan çıxarılması sorğu edilən fiziki şəxsə və ya quruma dair ətraflı eyniləşdirmə məlumatları;
10.4.4. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş məlumatlar və ölkədaxili siyahıya daxil edilmə üçün əsasların aradan qalxdığını təsdiq edən sənədlər;
10.4.5. məsələyə dair qanuni və əsaslı qərarın qəbul edilməsi üçün sorğu edilən səlahiyyətli orqanın zəruri hesab etdiyi digər məlumatlar.
10.5. Ölkədaxili siyahıya daxil edilmiş fiziki şəxs vəfat etdikdə, qurumun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verildikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) öz təşəbbüsü və ya həmin fiziki şəxsin yaxın qohumlarının, vərəsələrinin və ya maraqlı şəxslərin müraciəti əsasında fiziki şəxsi və ya qurumu ölkədaxili siyahıdan çıxarır və bu barədə hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatında məlumat yerləşdirir.
10.6. Fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıdan çıxarılması barədə məhkəmənin qərarı qanuni qüvvəyə mindiyi gün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin fiziki şəxsi və ya qurumu təxirəsalınmadan ölkədaxili siyahıdan çıxararaq bu barədə məlumatı hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatında yerləşdirir.
10.7. Məhkəmənin fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıdan çıxarılmasından imtina edilməsi barədə qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilə bilər.
10.8. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərə və qurumlara dair əldə etdiyi yeni məlumatlara, habelə xarici dövlətin səlahiyyətli orqanının sorğusuna əsasən ölkədaxili siyahını mütəmadi olaraq nəzərdən keçirir və yeniləyir.
4-cü fəsil
BEYNƏLXALQ SİYAHILARIN FORMALAŞDIRILMASI QAYDASI
Maddə 11. Fiziki şəxslərin və qurumların beynəlxalq siyahılara daxil edilməsi
11.1. Bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrində qeyd edilmiş əsaslar müəyyən olunduqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxsin və ya qurumun beynəlxalq siyahılara daxil edilməsi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Müraciətə aşağıdakı məlumat və sənədlər əlavə edilir:
11.1.1. fiziki şəxsin və ya qurumun beynəlxalq siyahılara daxil edilməsini əsaslandıran məlumat və sənədlər;
11.1.2. fiziki şəxsin və ya qurumun Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində qeyd edilən meyarlara cavab verdiyinə əsaslı şübhə yaradan hallara dair məlumatlar və dəlillər (ibtidai istintaq, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunmuş məlumatlar və mənbəyi məlum olan digər məlumatlar);
11.1.3. fiziki şəxsin və ya qurumun beynəlxalq siyahılara daxil edilməsini əsaslandıran, sanksiya komitələrinin xülasəsində açıqlanacaq zəruri məlumatlar;
11.1.4. təşəbbüs göstərən dövlət barədə məlumatların açıqlanmasına dair razılığın verilib-verilməməsinə dair qeyd;
11.1.5. fiziki şəxsin və ya qurumun dəqiq müəyyənləşdirilməsi üçün aşağıdakı eyniləşdirmə məlumatları:
11.1.5.1. fiziki şəxslər üçün — soyadı, adı, atasının adı, doğum tarixi, doğum yeri, milliyyəti, vətəndaşlığı, cinsi, məşğuliyyəti (peşəsi), yaşayış yeri və olduğu yer, əvvəlki yaşayış ünvanları, ümumvətəndaş pasportu və şəxsiyyəti təsdiq edən sənədin nömrəsi, verilmə tarixi, qüvvədə olma müddəti, olduğu halda ləqəbləri, telefon nömrələri, elektron poçt ünvanları və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
11.1.5.2. hüquqi şəxslər üçün - adı, hüquqi ünvanı, törəmə hüquqi şəxsləri, filialları, nümayəndəlikləri, fəaliyyət sahəsi, sahibkarlıq fəaliyyəti növü, rəhbərliyi, təsisçisi (təsisçiləri), vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, elektron poçt ünvanları, telefon nömrələri, əvvəlki adları və ya eyniləşdirmə məlumatları;
11.1.5.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) fiziki şəxsin və ya qurumun beynəlxalq siyahılara daxil edilməsi üçün zəruri hesab etdiyi yetərli həcmdə digər məlumatlar.
11.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 11.1-ci maddəsində nəzərdə tutulmuş müraciət əsasında sanksiya komitələrinin müəyyən etdiyi prosedurlara uyğun olaraq fiziki şəxsin və qurumun beynəlxalq siyahılara daxil edilməsi barədə sanksiya komitələrinə təqdimat verir.
11.3. Bu Qanunun 11.2-ci maddəsində nəzərdə tutulmuş təqdimat əsasında sanksiya komitələri fiziki şəxsin və ya qurumun beynəlxalq siyahılara daxil edilməsi barədə qərar qəbul etdikdə, həmin fiziki şəxs və ya qurum barədə müvafiq məlumat bu Qanunun 5.2-ci maddəsində müəyyən edilmiş qaydada hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatında yerləşdirilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) beynəlxalq siyahılara yeni daxil edilmiş fiziki şəxslər və qurumlar, onların beynəlxalq siyahılara daxil edilməsinin əsasları və bununla əlaqədar tətbiq olunacaq tədbirlər, habelə həmin siyahılardan çıxarılma prosedurları barədə hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatında təxirəsalınmadan məlumat yerləşdirməlidir.
Maddə 12. Fiziki şəxslərin və qurumların beynəlxalq siyahılardan çıxarılması
12.1. Beynəlxalq siyahılara daxil edilmə üçün əsaslar aradan qalxdıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxsin və ya qurumun beynəlxalq siyahılardan çıxarılması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Müraciətə aşağıdakı məlumat və sənədlər əlavə edilir:
12.1.1. fiziki şəxsin və ya qurumun bu Qanunun 11.1.5-ci maddəsində nəzərdə tutulmuş eyniləşdirmə məlumatları;
12.1.2. fiziki şəxsin və ya qurumun beynəlxalq siyahıda olmasına əsas olan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində qeyd edilən meyarların aradan qalxdığını göstərən məlumatlar və sənədlər (ibtidai istintaq, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunmuş məlumatlar və mənbəyi məlum olan digər məlumatlar);
12.1.3. fiziki şəxs vəfat etdikdə, qurumun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verildikdə bu barədə məlumat və sənədlər.
12.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 12.1-ci maddəsində nəzərdə tutulmuş müraciət əsasında sanksiya komitələrinin müəyyən etdiyi prosedurlara uyğun olaraq fiziki şəxsin və ya qurumun beynəlxalq siyahılardan çıxarılması barədə sanksiya komitələrinə təqdimat verir.
12.3. Beynəlxalq siyahılara daxil edilmiş fiziki şəxslər və qurumlar həmin siyahılardan çıxarılmaları barədə bilavasitə və ya nümayəndələri, yaxud müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə sanksiya komitələri tərəfindən müəyyən edilmiş ombudsman və ya əlaqələndirici şəxsə müraciət edə bilərlər.
12.4. Vəfat etmiş fiziki şəxsin, mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilmiş qurumun beynəlxalq siyahılardan çıxarılmasına dair müraciət Azərbaycan Respublikasının vətəndaşına münasibətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sanksiya komitələrinə və ya fiziki şəxsin yaxın qohumları və ya vərəsələri və ya maraqlı şəxslər tərəfindən bilavasitə sanksiya komitələri tərəfindən müəyyən edilmiş ombudsman və ya əlaqələndirici şəxsə təqdim edilir. Bu halda fiziki şəxsin ölüm faktını təsdiq edən sənədlər, onun vərəsələri, valideynləri və ya digər qanuni nümayəndələri barədə məlumatlar, habelə qurumun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi ilə bağlı sənədlər müraciətə əlavə edilir.
12.5. Beynəlxalq siyahılardan çıxarılma ilə bağlı müraciətin nümunəvi forması, müraciətə əlavə olunmalı sənədlərin siyahısı və digər izahedici qeydlər hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatında yerləşdirilir.
12.6. Beynəlxalq siyahılardan çıxarılma ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatı vasitəsilə edilir.
12.7. Müraciət edən fiziki şəxs və ya qurum beynəlxalq siyahılardan çıxarılması barədə sorğusunu əsaslandırmalı və bu Qanunun 11.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara uyğun olmadığını təsdiq edən məlumatları və sənədləri təqdim etməlidir.
12.8. Beynəlxalq siyahılardan çıxarılma barədə müraciət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə təqdim edildikdə təqdim olunmuş sənədlər rəy verilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilir.
12.9. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 12.8-ci maddəsində nəzərdə tutulan rəyi 15 iş günü ərzində verməlidir. Əlavə məlumatların alınması və beynəlxalq siyahılardan çıxarılma ilə bağlı məsləhətləşmələrin aparılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin fiziki şəxsin vətəndaşı olduğu, daimi qeydiyyatda olduğu və ya yaşadığı və ya qurumun təsis edildiyi, idarə edildiyi və ya fəaliyyət göstərdiyi dövlətə sorğu göndərə bilər.
12.10. Beynəlxalq siyahılardan çıxarılma barədə müraciətə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 1 ay müddətində baxılır, müvafiq təqdimat hazırlanır və təqdimat, təqdim olunmuş sənədlərlə, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmış yekun rəylə birlikdə sanksiya komitələrinə göndərilir.
12.11. Bu Qanunun 12.10-cu maddəsində nəzərdə tutulmuş təqdimat əsasında sanksiya komitələri fiziki şəxsin və ya qurumun beynəlxalq siyahılardan çıxarılması barədə qərar qəbul etdikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatındakı müvafiq məlumatların bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulmuş qaydada yenilənməsini təmin edir.
12.12. Bu Qanunun 12.10-cu maddəsində nəzərdə tutulmuş təqdimat əsasında sanksiya komitələri fiziki şəxsin və ya qurumun beynəlxalq siyahılardan çıxarılması barədə qərar qəbul etmədikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin qərar qəbul edildiyi vaxtdan 1 iş günü müddətində müvafiq müraciəti etmiş fiziki şəxsi və ya qurumu məlumatlandırır.
5-ci fəsil
YEKUN MÜDDƏALAR
Maddə 13. Nəzarət tədbirləri
13.1. Nəzarət orqanları nəzarət etdikləri öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər, dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri tərəfindən bu Qanunun tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirirlər.
13.2. Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər, dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri üzərində nəzarət tədbirləri istisna olmaqla bu Qanunun tələblərinə riayət edilməsinə nəzarət maliyyə monitorinqi orqanı tərəfindən həyata keçirilir.
13.3. Bu Qanunda nəzərdə tutulmuş tələblərin pozulması qanunla müəyyən edilmiş hallarda və qaydada məsuliyyətə səbəb olur və müvafiq fəaliyyəti həyata keçirmək hüququ verən lisenziyanın, icazənin, qeydiyyatın, şəhadətnamənin və ya üzvlüyün dayandırılması və ya ləğv edilməsinə əsas yaradır.
13.4. Maliyyə monitorinqi orqanı, habelə aidiyyəti nəzarət orqanları öhdəlik daşıyan şəxslərə, habelə auditor xidməti göstərən şəxslərə, dini qurumlara, qeyri-hökumət təşkilatlarına, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinə bu Qanundan irəli gələn tələblərin yerinə yetirilməsi ilə bağlı təlimatlar hazırlayıb təqdim edir. Digər fiziki şəxslərə və qurumlara münasibətdə bu Qanundan irəli gələn tələblərin yerinə yetirilməsi ilə bağlı təlimatlar maliyyə monitorinqi orqanı tərəfindən hazırlanır və onların hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatında yerləşdirilməsi üçün tədbirlər görülür.
Maddə 14. Bu Qanunun qüvvəyə minməsi
Bu Qanun 2023-cü il fevralın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2022-ci il
“Hədəfli m
1 February 2023, 08:026 May 2015, 09:05
Her Excellency Ms Angela Merkel, Federal Chancellor of the Federal Republic of Germany more...
6 May 2015, 09:05
H.E. Mr. Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan more...
6 May 2015, 09:05
His Excellency Mr. Hassan Rouhani, President of the Islamic Republic of Iran more...
6 May 2015, 09:05
His Holiness Pope Francis more...
6 May 2015, 09:05
His Excellency Mr. Tony Tan, President of the Republic of Singapore more...
6 May 2015, 09:05
H.E. Mr. Prokopis Pavlopoulos, President of the Hellenic Republic more...
6 May 2015, 09:05
His Excellency Mr. Beji Caid Essebsi, President of the Tunisian Republic more...
6 May 2015, 09:05
His Excellency Mr Michael Higgins, President of Ireland more...
10 December 2014, 09:12
H.E. Mr. Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan more...
10 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on the application of Law of the Republic of Azerbaijan No 1051-IVQD dated 30 September 2014 “On the introduction of changes to the Law of the Republic of Azerbaijan on the management of municipal lands” more...